Elçin Mirzəbəyli: “Leyla Yunusun siması Azərbaycan cəmiyyətinin qarşısında dəfələrlə açılıb” MÖVQE

Elçin Mirzəbəyli: “Leyla Yunusun siması Azərbaycan cəmiyyətinin qarşısında dəfələrlə açılıb” MÖVQE

"Bu gün beynəlxalq təşkilatların Azərbaycana qarşı sərgilədikləri mövqe bilavasitə Leyla Yunusun ölkəmizə qarşı yürütdüyü absurd ittihamlarla üst-üstə düşür. Bu baxımdan, hesab edirəm ki, Leyla Yunusun "Repressiyalara Qarşı Müqavimət Mərkəzi" adlı qurum yaratdığını elan etməsi ona verilən təlimatların davamıdır". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunusun növbəti – "Repressiyalara Qarşı Müqavimət Mərkəzi" adlı qurum yaratmasına münasibətini açıqlayarkən deyib.

BAXCP-nin sədr müavininin sözlərinə görə, əslində, "mərkəz"in yaradılması Leyla Yunusa xidmət göstərdiyi xarici siyasi dairələr tərəfindən verilən növbəti təlimatdır: "Yəni bu təlimatlar da ona eyni mənbədən gəlir. Ancaq bu da yeni yanaşma tərzi deyil. Çünki Leyla Yunusun da fəaliyyəti Azərbaycanın maraqlarına qarşı istiqamətlənmiş fəaliyyətdir. Onun "dünya görüşü", "fəlsəfəsi" öz dövlətinə, xalqına, ölkəsinə qarşı ən aqressiv tonda çıxış etməkdən ibarətdir. Ona görə də Leyla Yunusun yeni "mərkəz" yaratması haqqında verdiyi bəyanatını əslində, təəccüblənməyərək təbii qarşılamaq lazımdır. Çünki bu onun xislətinə uyğun atılmış addımdır. Amma bunun hər hansı effektiv nəticə verəcəyini düşünmürəm. Bu fərdin siması Azərbaycan cəmiyyətinin qarşısında dəfələrlə açılıb".

Elçin Mirzəbəyli SDİ rəhbərinin bu yaxınlarda özünü ifşa etdiyini xatırladaraq qeyd edib ki, ölkə ictimaiyyəti kimin-kim olduğunu yaxşı bildir: "Əslində son məlum hadisələrdə də Leyla Yunusun fəaliyyəti ifşa olundu. Bir daha sübut edildi ki, əgər kim, hansı təşkilat Azərbaycana qarşı düşmən münasibət bəsləyirsə, bu adam da məhz onların yanında olur. Azərbaycan cəmiyyəti isə Leyla Yunusdan və bu gün onun yanında olanlardan fərqli olaraq kimin-kim olduğunu kifayət qədər yaxşı bilir, dərk edir".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə