XİN rəhbərləri Dağlıq Qarabağ məsələsini müzakirə etdilər YENİLƏNİB-FOTO
Bu gün Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. SİA-nın məlumatına görə, hər iki nazir həm təkbətək, həm də geniştərkibli görüş keçiriblər. Görüşdə iki dövlət arasındakı münasibətlər, Dağlıq Qarabağ, iqtisadi, təhsil və regional məsələlər müzakirə olunub.
Nazir Elmar Məmmədyarov ilə Çexiya xarici işlər naziri Lubomir Zaoralek görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Elmar Məmmədyarov bildirib ki, görüşdə həmkarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın tutduğu mövqedən danışıb: "Bununla belə biz təhsil, turizm, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Hazırda Azərbaycandan olan 220 tələbə Çex Respublikasında təhsil alır. Biz həmçinin viza rejimi ilə bağlı mövcud problemlərin aradan qaldırılması ətrafında fikir mübadiləsi apardıq. Çalışdıq ki, azərbaycanlı tələbələr, iş adamları və turistlər Çex dövlətinə sərbəst gedib-gələ bilsinlər. Xeyli sayda Çex şirkətləri Azərbaycanda fəaliyyət göstərir".
Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek isə öz növbəsində Azərbaycanda olmaqdan məmnun olduğunu dilə gətirdi: "Bizim Azərbaycanla ikitərəfli əməkdaşlığımız mövcuddur. Bir çox sahələrdə - elm, təhsil, turizm, mədəniyyət və s. əlaqələrimiz var və bunu daha da genişləndirmək fikrindəyik. Çex Respublikasında xeyli sayda azərbaycanlı tələbə təhsil alır. Bizim ölkəmizdə gözəl məkanlar, spa mərkəzləri mövcuddur. Azərbaycanlı turistlər üçün ölkəmizdə əlverişli şərait var. Çex dövləti sərmayə və investisiya qoyuluşu baxımından səmərəlidir".
Mətbuat konfransına diskussiya ətrafında yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB