Elçin Mirzəbəyli: “Beynəlxalq birlik Ermənistanın işğalı rəsmiləşdirmək cəhdlərini tanımayacaq”

Elçin Mirzəbəyli: “Beynəlxalq birlik Ermənistanın işğalı rəsmiləşdirmək cəhdlərini tanımayacaq”

"Ali Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı baş tutan toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin çıxışı zamanı Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi. Yəni dövlətlər bu və ya digər quruma yalnız beynəlxalq hüquq tərəfindən tanınmış sərhədlər çərçivəsində daxil ola bilərlər". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu fikrin təkrarlanması bir daha sübuta yetirib ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, işğal altında olan Azərbaycan torpaqlarının hüquqi cəhətdən rəsmiləşdirilməsi istiqamətində atılacaq addımların heç bir nəticəsi olmayacaq: "Heç bir halda beynəlxalq birlik, o cümlədən də MDB-yə daxil olan ölkələr Ermənistanın işğalı rəsmiləşdirmək cəhdlərini tanımayacaqlar. Hesab edirəm ki, bu konfransda səslənən fikirlər açıq şəkildə verilmiş mesaj idi".

"Azərbaycan Prezidenti İlham Əliyevin məktubu beynəlxalq hüquq normalarına əsasən ölkəmizin mövqeyini dilə gətirirdi. Toplantıda Qazaxıstan da öz prinsiplərinə nə qədər sadiq qaldığını sübuta yetirdi. Digər tərəfdən Rusiyanın yaradılan birliklərdə dominant rol oynayacağı fikirlərinin də əsassız olduğunu sübuta yetirdi - deyə, E.Mirzəbəyli vurğulayıb.

E. Mirzəbəyli hesab edir ki, Qazaxıstan həyata keçirilən layihələrdə dominant rol oynamaq niyyətindədir və hüquqi münasibətlərdən bir addım belə geri çəkilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə