Şəhid gizirimiz Xudaverdi Abilov Sumqayıtda dəfn olunub

Şəhid gizirimiz Xudaverdi Abilov Sumqayıtda dəfn olunub

Bu gün Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməsi nəticəsində şəhid olan gizirimiz Abilov Xudaverdi Fərhad oğlunun cənazəsi Sumqayıt şəhərində torpağa tapşırılıb. SİA-nın məlumatına görə, 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi saat 18:00-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Dəfn mərasimində Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçıları, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev də iştirak edib.

Basqın zamanı ağır yaralanan əsgərimiz Mirzəzadə Mehman Dadaşbala oğlu isə yaxınlıqdakı hərbi hospitala yerləşdirilib. Əsgərin vəziyyətində dəyişiklik yoxdur.

Qeyd edək ki, bu gün erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə