Əli Orucov: “Ukraynada baş verənləri Azərbaycanda gerçəkləşdirmək mümkün deyil” MÜSAHİBƏ

Əli Orucov: “Ukraynada baş verənləri Azərbaycanda gerçəkləşdirmək mümkün deyil” MÜSAHİBƏ

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucovun SƏS TV-yə müsahibəsi

- Əli müəllim, müxalifət liderləri yenidən aksiyalar keçirməyi planlaşdırır. Amma, bu dəfə gənclərdən istifadə etməyə daha çox maraq göstərirlər. Sizcə, indiki məqamda hansısa aksiyaların keçirilməsinə zərurət varmı?

- Əvvəlcə fürsətdən istifadə edib Azərbaycan xalqını 28 May - Respublika günü münasibəti ilə təbrik edirəm. Aksiyalara gəlincə, demək istərdim ki, bu aksiyalara fərqli yanaşmaq lazımdır. Aksiyalar kiminsə istəyi ilə, kiminsə həvəsi ilə olan bir tədbir deyil. Kütləvi aksiyaların keçirilməsi üçün müəyyən şərtlər lazımdır. Cəmiyyətdə bunu diktə edəcək səbəblər olmalıdır. Bu səbəblər bu gün Azərbaycanda yoxdur. Doğrudur müəyyən narazılıqlar var, amma bu narazılıqlar kütləvi aksiyalara səbəb olacaq səviyyədə deyil. Ona görə də düşünürəm ki, nə qədər aksiyalara sosial sifariş olmayıb, nə qədər ki, bu istəklər cəmiyyət tərəfindən gəlməyib o vaxta qədər keçirilən aksiyalar çox süni alınacaq. Bu da həm aksiyaları keçirən siyasi qüvvələrə, həm də qarşıya qoyulmuş məqsədlərə fayda verməyəcək. Bu baxımdan hesab edirəm ki, aksiyaların keçirilməsinin zamanı deyil. O ki qaldı, gənclərin bu aksiyalara cəlb olunmasına, təbii ki, hər bir partiya öz tərəfinə gəncləri cəlb etməyə çalışır. Çünki, gənclər elə bir qrupdur ki, bu qrup bütün imkanları baxımından diqqəti cəlb edir. Partiyalar da bu potensialdan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Gənclər də bütün imkanlarından aksiyalar üçün deyil, öz dövlətinə sahib çıxmaq üçün istifadə etməlidirlər.

- Qeyd etdiniz ki, bu aksiyaların keçirilməsi üçün heç bir səbəb yoxdur. Ola bilərmi müxalifət liderləri Ukraynada baş verən hadisələrdən həvəslənsinlər, Rusiyanın onlara da dəstək çıxacağına ümid bəsləsinlər?

- Hər bir dövlətə fərdi yanaşmaq lazımdır. Çünki istər beynəlxalq təşkilatlar, istər qonşumuz olan Rusiya özü bu ölkələrin hər birinə fərdi yanaşır. Ona görə Ukraynada baş verənlərin oxşarını Azərbaycanda gerçəkləşdirmək mümkün deyil. Digər tərəfdən də Ukrayna hadisələrinə Rusiyanın təsiri əksinə olaraq mənfi istiqamətə oldu. Rusiya istəyirdi ki, Ukraynadakı seçkilər baş tutmasın, Ukraynada qarışıqlıq yaransın, hakimiyyətsizlik hökm sürsün və Ukraynanı öz əlindən buraxmasın. Rusiyanın bir çox planları məhz Ukraynadan keçir. Azərbaycanın özünün spesifik xüsusiyyətləri var. Azərbaycana yanaşma fərqlidir. Həmçinin, ABŞ-ın və digər böyük dövlətlərin Azərbaycanda enerji təhlükəsizliyi maraqları var. Onlar istəməzlər ki, Azərbaycanda qarşıdurma yaransın, hakimiyyət dəyişikliyi baş versin. Ümumiyyətlə, mən belə düşünürəm ki, istənilən halda hər hansı bir hadisə, hər hansı bir dəyişiklik olacaqsa bu, ancaq demokratik yolla olmalıdır. Çoxları istəyirdi ki, Azərbaycanda qarşıdurma yaratsınlar, inkişafın qarşısını alsınlar, amma hadisələri Azərbaycanda reallaşdırmaq qeyri-mümkündür. Çünki Azərbaycan xalqı ayıq xalqdır.

Təranə Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə