Mayın 23-də Cənubi Afrika Respublikasının inzibati paytaxtı, Pretoriyada Azərbaycanın CAR-dakı səfirliyi tərəfindən 28 may – "Respublika Günü"nə həsr edilmiş ziyafət təşkil edilib.
Azərbaycanın CAR-dakı səfirliyindən SİA-ya verilən xəbərə görə, tədbirə ölkədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət və rəsmi qurumların, təhsil və elmi dairələrin, Azərbaycan və Türk icmasının nümayəndələri, CAR-da təsis edilmiş "Azərbaycanın Dostları" yerli qeyri hökumət təşkilatının üzvləri, yerli KİV-lər və iş adamları qatılıblar.
Ziyafət tədbirində hər iki dövlətin himninin səsləndirilməsindən sonra səfir Elxan Poluxov açılış nitqi ilə çıxış edib. Qonaqlara Azərbaycan və 28 may – Respublika Günü barədə məlumat verən səfir, səfirliyin təsis edildikdən sonra iki il ərzində fəaliyyəti, dövlətlər arası əlaqələrin inkişafı, baş tutmuş qarşılıqlı səfərlər və Səfirliyin perspektiv planları barədə danışıb.
Daha sonra yerli ictimaiyyət adından CAR -ın Ticarət Departamentinin üzvü olan, Milli Lotoreya Şurasının sədri, professor Alfred Nevhutanda Azərbaycan və ingilis dillərində çıxış edib. Azərbaycanda 2007-ci ildə olduğunu bildirən qonaq, ölkəmizi öz ikinci vətəni hesab etdiyini və Azərbaycanda gedən inkişaf prosesini nümunəvi adlandırıb. Azərbaycan rəhbərliyinin apardığı daxili və xarici siyasət müasir dünyada nümunəvi olduğunu deyən professor, ölkəmizin hər zaman CAR-a kömək əlini uzatmağa qadir olduğunu vurğulayıb.
Öz növbəsində CAR dövləti adından CAR -ın Müdafiə və Hərbi Veteranlar Departamentinin nazir müavini cənab Tabanq Makvetla (Thabang Makwetla) çıxış edib. Azərbaycan Respublikasını 28 may – Respublika Günü münasibətilə ürəkdən təbrik edən T.Makvetla, CAR-ın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə böyük önəm verdiyini qeyd edib. Həmçinin qonaq, Azərbaycan CAR-da səfirlik tərəfindən təmsil olunmasının ölkələr arasında ikitərəfli münasibətlərin dərindən inkişaf etməsinə töhfə verəcəyinə inandığını vurğulayıb.
Daha sonra səfir E.Poluxov və Müdafiə və Hərbi Veteranlar Departamentinin nazir müavini cənab T.Makvetla tərəfindən üzərində Azərbaycan və CAR bayraqları əks olunmuş tort kəsilmiş və qonaqlar milli və müxtəlif xarici təamlardan ibarət ziyafət masasına dəvət olunublar. Tədbir çərçivəsində qonaqlar qarşısında səfirliyin nəzdində fəaliyyət göstərən rəqs qrupu Azərbaycan rəqslərini nümayiş edib. Qonaqlar üçün milli suvenir və xalçalardan ibarət Azərbaycan guşəsi təşkil olunub.
Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB