Həmsədlərin regiona səfəri ilə bağlı yekun BƏYANAT

Həmsədlərin regiona səfəri ilə bağlı yekun BƏYANAT

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfəri ilə bağlı yekun bəyanat yayıblar. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfərində məqsəd onların mandatına uyğun olaraq Dağlıq Qarabağ, Kəlbəcər və Laçındakı vəziyyətin icmalı olub. Bu rayonlara baş çəkdikdən sonra həmsədrlər yerli infrastrukturun yaxşılaşdığını görüblər, lakin əhalinin sayının artmasını müşahidə etməyiblər.

Məlumatda həmçinin vurğulanır ki, həmsədrlər Sərsəng su anbarında da olublar. Onlar Sərsəngin statusunu və fəaliyyətini müzakirə ediblər. Həmsədrlər tərəflərin su anbarından bölgənin xeyrinə birgə istifadəsi barədə razılıq əldə olunacağına ümid etdiklərini bildiriblər.

Daha sonra mayın 19-da həmsədrlər Tərtər yaxınlığındakı təmas xəttini keçiblər və atəşkəs rejiminin pozulmasından təəssüfləndiklərini söyləyiblər. Diplomatların fikrincə, atəşkəs pozuntularının araşdırılması mexanizminin olmaması tərəflərin bir-birini ittiham etməsinə əsas yaradır.

Səfər zamanı həmsədrlər Bakı və Yerevanda rəsmi şəxslərlə, eləcə də Dağlıq Qarabağ, Laçın və Kəlbəcərin faktiki yerli rəhbərləri ilə görüşlər keçiriblər. Onlar Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri ilə də görüşüblər. Görüş zamanı sülh prosesinin elementləri müzakirə olunaraq qeyd edilib ki, bu elementlər həmsədr ölkə rəhbərlərinin 2009 və 2013-cü illərdə verdikləri birgə bəyanatlarda əksini tapıb.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 16-19-da bölgəyə səfər ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə