Baş nazirin müavini: “Bu, beynəlxalq konvensiyalara zidd hərəkətdir” AÇIQLAMA
"ATƏT-in Minsk qrupu bizim işğal altında olan ərazilərə faktaraşdırıcı missiya ilə birgə 2005 və 2010-cu illərdə də səfər edib. Onlar hər iki səfərdə müəyyənləşdiriblər ki, orada məskunlaşma var. Beləcə, müəyyən olunub ki, bu da beynəlxalq konvensiyalara zidd hərəkətdir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Laçın və Kəlbəcər rayonuna səfərlərinə münasibət bildirərkən deyib.
Baş nazir müavininin sözlərinə görə, onlar 2010-cu ildə hesabat dərc edərək orada məskunlaşan əhalinin sayını 14-18 min göstərdilər. Halbuki bizdə olan məlumata görə, həmin işğal altında olan rayonlarda məskunlaşma 25 minə qədər idi: "Artıq həmin hesabatın üstündən 4 il ötür. Amma bunun heç bir faydası yoxdur. İndi də növbəti missiyanın Laçın və Kəlbəcərə səfəri gözlənilir. Heç bilinmir ki, onların orada məqsədi nə olacaq. Bütün bunlar müəmmalı olaraq qalır. Onlar əvvəlki səfərlərinin nəticələrini ortaya qoysunlar, sonra növbəti missiya haqqında danışsınlar. Bu mənada hesab edirik ki, bütün bu təkliflər, yeni prinsiplər problemin uzadılmasına yönəldilib. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün bunları görərək, iqtisadiyyatımızı inkişaf etdirir və ordumuzu gücləndirir. Bəlkə o zaman qarşıdakı düşmən ölkəmizin gücünü hiss edər".
ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişdirilməsi məsələsinə gəlincə, Baş nazirin müavini deyib ki, bununla bağlı ölkə Prezidenti İlham Əliyev dəfələrlə öz mövqeyini bildirib: "Azərbaycan bu formatdan uzaqlaşmaq istəmir. Bəs gəlin görək bunun səbəbi nədir. Əslində görürük ki, Minsk qrupu fəaliyyətsizdir. Onların 20 ildə gördüyü işlərin heç bir nəticəsi yoxdur. Həmsədrlər artıq pis-yaxşı Dağlıq Qarabağ problemindən xəbərdardırlar. Əgər bu format dəyişib, yeni bir format müəyyənləşdirilsə, gərək onda biz xeyli müddət də gözləyək ki, onlar Dağlıq Qarabağ problemi ilə yaxından tanış olsunlar. Bu mənada hesab edirik ki, onların tərkibinin dəyişdirilməsi əhəmiyyətsizdir. Əksinə, biz çalışmalıyıq ki, mövcud Minsk qrupunun əli və onların səlahiyyəti ilə bu problemin həllinə nail olaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB