“Regional inkişaf və yerli özünüidarə komissiyası”nın iclası keçirilib

“Regional inkişaf və yerli özünüidarə komissiyası”nın iclası keçirilib

Bu gün "Bakı şəhərinin Nizami rayonunda, Ağcabədi və Beyləqan rayonlarında məişət tullantılarının yığılması, çeşidlənməsi və emalının təşkili barədə" Yeni Azərbaycan Partiyası nəzdində fəaliyyət göstərən "Regional inkişaf və yerli özünüidarə komissiyası"nın iclası keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə komissiya üzvləri Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Komissiyanın sədri Arif Rəhimzadə komissiyanın 2014-cü il üçün iş planı və qərarı haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, ölkəmizdə həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf müsbət dəyişikliklərə imkan yaradır və bir çox problemlərin həllini, əhalinin rifah halının yaxşılaşmasını təmin edir: "İnsanların sağlamlığının qorunması baxımından ekologiyanın mühafizəsi sahəsində də mühüm tədbirlər həyata keçirilib. Bakı şəhərindəki Balaxanı zibilxanasının ləğv edilməsi, orada müasir zavodun tikilməsi məişət tullantılarının yığılması və emalı sahəsində müsbət dönüş yaradıb, yeni daha yüksək yaşayış standartlarının tətbiqini təmin edib və s.".

Arif Rəhimzadə vurğulayıb ki, qərar layihəsində bu məsələlərlə əlaqədar xüsusi təşkiatlar var ki, onların madd-texniki bazası gücləndirilməlidir: "Onlara imkan yaradılmalıdır ki, bu işin öhdəsindən praktiki cəhətdən gələ bilsinlər. Qərar layihəsində insanların maarifləndirilməsi, bu məsələyə diqqət yetirilməsi, uşaq bağçasından, orta məktəblərdən başlayaraq Ali məktəblərə qədər fəallığın artırılması əsas yer tutur. Əlbəttə ki, biz YAP-ın komissiyası olaraq heç kimə göstəriş verə bilmərik. Hakim partiyanın üzvləri yüksək vəzifələrdə təmsil olunurlar. Bu mənada hesab edirəm ki, onların vasitəsi ilə bu işlərə təsir göstərmək imkanımız var".

Daha sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək deyib ki, uzun illərdir məişət tullantılarının yığılması ilə bağlı böyük problemlər var idi. Əsas problem ondan ibarət idi ki, tullantıların zərəsizləşdirilməsi sistemi uzun müddət Bakı şəhərində yalnız onların basdırılması və yandırılması ilə həyata keçirilirdi. Təbii ki, bu da Bakı şəhərinin ekologiyasına çox ciddi ziyan vururdu. Ölkə başçısı cənab Prezident İlham Əliyevin göstərişi ilə Balaxanı məişət tullantılarının zərərsizləşdirilməsi poliqonu və tullantıların sənaye üsulu ilə, müasir avadanlıqlarla yandırılması zavodunun tikintisindən sonra bu sahədə çox ciddi dönüş yaranıb".

Sonra Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Sumqayıtın Bələdiyyə sədri Əbülfəz Babayev və digərləri çıxış edərək məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı sahəsində görülən işlərlə bağlı fikirlərini bildiriblər.

Qeyd edək ki, komissiyanın 5 üzvü var. Komissiyanın sədr müavini isə Əlibaba Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə