Qabil Hüseynli: “Uorlikin geri çağrılmasına nail olsaq, bu, başqalarına da dərs olar”

Qabil Hüseynli: “Uorlikin geri çağrılmasına nail olsaq, bu, başqalarına da dərs olar”

"Vaxtilə amerikalılar Ceyms Uorliki təcrübəli diplomat, bəzi münaqişələrin həllində iştirak etmiş təcrübəli şəxs kimi təqdim etmişdilər. Onun Minsk qrupuna həmsədr təyin olunması bu qurumun işində destruktiv bir atmosfer yaratdı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Uorlik həmsədr təyin edildikdən sonra sayıqlamağa başladı...

Politoloq ATƏT-in Minsk qrupuna həmsədr təyin olunandan sonra C. Uorlikin qurumun adından sayıqlama xarakterli bəyanatlar verməyə başladığını qeyd edib: "Məsələn, Xocalı soyqırımının bütün dünyada tanıdılması istiqamətində iş aparılır. Ceyms Uorlikin ölkəsində də təxminən 16-ya yaxın ştat Xocalı soyqırımını tanıyıb. Amma o, "Twitter" səhifəsində yazır ki, azərbaycanlılar bu məsələlərdə çox səy göstərməməlidirlər, çünki ermənilərin də "Sumqayıt soyqırımı" var. Bu adam Sovet İttifaqının dağılmasını, Sovet məkanında gedən prosesləri, xüsusən də milli münaqişələri detallı şəkildə bilməyə bilər, amma o, Cənubi Qafqaz üzrə mütəxəssisdir və bu bölgədə baş verən hadisələrin heç olmasa, mahiyyəti haqqında müəyyən bilgilər əldə etməlidir. Xocalı soyqırımının necə həyata keçirildiyi haqda ya məlumatsızdır, ya da özünü elə göstərir. Bu adam Sumqayıtda baş verən SSSR DTK-sının qurduğu və başında ermənin durduğu kiçik miqyaslı hadisəni bütöv bir şəhərin yer üzündən silinməsi, oradakı insanların böyük qisminin məhv edilməsi ilə eyniləşdirirsə, deməli diplomatik təcrübəyə malik deyil, açıq-aşkar ermənipərəst mövqe tutur və problemin həlli yolunda əngəllər yaradır".

"Əgər seperatizmin aqressiv formasını milli azadlıq hərəkatı kimi təqdim edəcəksənsə, sənin ATƏT-in həmsədrliyində nə işin var?"

Q. Hüseynli bildirib ki, C. Uorlikin bundan başqa da çoxlu sərsəm bəyanatları olub: "Uorlikin son fikirlərindən biri odur ki, guya Ermənistanın Azərbaycana təcavüzü baş verməyib, bu, Dağlıq Qarabağ Arsax milli azadlıq qüvvələrinin savaşıdır. Ona görə də guya Azərbaycan Dağlıq Qarbağ erməniləri ilə birbaşa danışıqlara getməlidir. O, işğal prosesini öyrənməyib. Əgər seperatizmin aqressiv formasını milli azadlıq hərəkatı kimi təqdim edəcəksənsə, sənin ATƏT-in həmsədrliyində nə işin var? Görünür, Uorlik BMT-nin 4 qətnaməsindən ən azı birini belə oxumayıb və ya qulaqardına vurur".

"Uorlik öz ermənipərəstliyinə görə rekord vurdu"

"İki ildən artıqdır ki, Ceyms Uorlik Minks qrupunda həmsədrdir, ancaq bir dəfə də olsun hadisələrin anatomiyasını öyrənməyib, münaqişənin həll edilməsi ilə bağlı təkliflərində konstruktiv mövqe tutmayıb, daima Azərbaycanı aşağılayan, baş verən hadisələrin mahiyyətini çaşdıran bəyanatlarla çıxış edib. O, çox vaxt Minsk qrupu həmsədrlərinin adı ilə "Twitter" səhifəsində çıxış etməklə sözün əsl mənasında ermənipərəst Rusiyanın və Fransanın ruporuna çevrilib. Onsuzda Azərbaycan həmin dövlətlərin nümayəndələrinin Minsk qrupundakı fəaliyətindən razı deyil. Amma o, hamını kölgədə qoydu. Uorlik öz ermənipərəstliyinə görə rekord vurdu. Azərbaycan hələ bir az gecikib. Onun haqqında vaxtında məsələ qaldırmaq lazım idi. Onsuzda Minsk qrupu konstruktiv addım atmır. Minsk qrupunun formatının dəyişdirilməsinə və ya vasitəçilik missiyasının BMT səviyyəsinə qədər qaldırılmasına ehtiyyac var. Uorlikin geri çağrılmasına nail olsaq, bu, başqalarına da dərs olar"- deyə, Qabil Hüseynli fikirlərini yekunlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə