Prezident Ağdaşda Rayon İcra Hakimiyyətinin yeni binasının açılışında iştirak edib

Prezident Ağdaşda Rayon İcra Hakimiyyətinin yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. SİA-nın xəbərinə görə, son illər Azərbaycanın bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Həmçinin bölgələrdə geniş abadlıq-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncam və göstərişləri ilə regionlarda həyata keçirilən quruculuq işləri ilk növbədə həmin bölgələrin inkişaf strategiyasına uyğun aparılır. Tikilən binalar bölgələrin simasına xüsusi yaraşıq verir, həm də müasirləşən rayonların memarlıq quruluşuna əlavə çalarlar qatır. İndi bütün rayonlarda davam edən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illərdə Ağdaş rayonunda görülən işlər də diqqəti cəlb edir. Rayonun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyəti üçün yeni tikilən binada yaradılan şərait bir məqamı təsdiqləyir ki, ölkədə dövlət idarəçiliyi sistemi işinin stimullaşdırılması diqqət mərkəzində saxlanılır. Dörd mərtəbədən ibarət bina bütün lazımı avadanlıq və sistemlərlə təchiz edilib. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada, həmçinin iclas, konfrans zalları, arxiv, rabitə və xüsusi rabitə otaqları, yeməkxana, qaraj yaradılıb.

Dövlətimizin başçısına məlumat verilib ki, binanın inşasına 2012-ci ilin avqustunda başlanılıb və bu ilin aprelində başa çatdırılıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb. Binanın interyeri zövqlə tərtib olunub. Foyedə Ulu Öndər Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisində fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə Ümummilli Liderin və Prezident İlham Əliyevin Ağdaş rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən şəkillər vardır.

Azərbaycan Prezidenti otaqlarda yaradılan şəraitlə tanış olub. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada, həmçinin müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcək. İnzibati binada sakinlərlə və yerli icra nümayəndələri ilə videokonfrans zalı vardır. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılıb.

Konfrans zalı da ən son texnologiyalar əsasında qurulub. Müasir standartlara cavab verən texnologiyalar əsasında qurulan 100 yerlik akt zalında rayon və respublika əhəmiyyətli tədbirlər keçiriləcək. Yeni binada, həmçinin operativ idarəetmə mərkəzi də yaradılıb. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bəzi icra nümayəndəlikləri şəbəkəyə qoşulub.

Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi qurulub.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə