YAP İcra katibinin müavini İsrailli gənclərlə görüşüb FOTOLAR

YAP İcra katibinin müavini İsrailli gənclərlə görüşüb FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Bakıda səfərdə olan "İsrail Bizim Evimizdir" Partiyasının gənclər təşkilatının nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, görüş zamanı YAP İcra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, Azərbaycan-İsrail münasibətlərinin uzaq keçmişi var.

Ölkəmizdə müxtəlif xalqların, dinlərin, mədəniyyətlərin nümayəndələrinin yaşadığını qeyd edən M.Qurbanlı vurğulayıb ki, Azərbaycan bu istiqamətdə bütün dünyaya nümunə ola bilər: "Məhz tolerantlığın göstəricisidir ki, Bakı şəhərində yəhudilərin üç, bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb".

YAP-ın beynəlxalq əlaqələri barədə qonaqlara məlumat verən M.Qurbanlı deyib ki, Azərbaycan Avropa ilə Asiya arasında bir körpüdür, ona görə də partiya Avropa və Asiya qitəsi ölkələrinin siyasi partiyaları ilə də əməkdaşlığa böyük önəm verilir.

M.Qurbanlı qeyd edib ki, YAP 330-dan çox partiyanın iştirak etdiyi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransında (İCAPP) da fəal təmsil olunur.

Bakıya Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin dəvəti ilə gəldiklərini qeyd edən "İsrail Bizim Evimizdir" Partiyasının gənclər təşkilatının sədri Aleq Levinski deyib ki, bir ildir YAP Gənclər Birliyi ilə müxtəlif sahələrdə əməkdaşlıq qurublar: "Bu gün partiyanızın Gənclər Birliyi ilə əlaqələrimiz getdikcə dərinləşir və inkişaf edir. Əməkdaşlığımızın əsas istiqamətlərindən biri ondan ibarətdir ki, gənclərimiz arasında xoş, sülhsevər və dost münasibətləri yaransın".

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, görüşdə Yeni Azərbaycan Partiyası (YAP) Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədrinin müavini, ICAPP Gənclər Qolunun birinci vitse-prezidenti Ramin Məmmədov və partiyanın bir qrup gənci də iştirak edib.

Xatırladaq ki, "İsrail Bizim Evimizdir" Partiyasının gənclər təşkilatından ibarət nümayəndə heyəti bu gün səhər saatlarında Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər. Nümayəndə heyəti eləcə də oftomoloq alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib. Daha sonra qonaqlar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlanı qurban vermiş şəhidlərin məzarlarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə