II Qlobal Müştərək Cəmiyyətlər Forumu ilk iş gününü sona çatdırdı YENİLƏNİB-FOTO

II Qlobal Müştərək Cəmiyyətlər Forumu ilk iş gününü sona çatdırdı YENİLƏNİB-FOTO

Bu gün Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir.

Nüfuzlu ictimai, siyasi xadimlərin, elm adamlarının qatıldığı Forumda 45 ölkənin sabiq rəhbəri iştirak edir. Forumda əsasən açıq cəmiyyətlərin əhatə əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli, davamlı inkişaf prosesinin təmin edilməsində idarəetmə kimi mühüm məsələlər müzakirə olunacaq.

II Qlobal Müştərək Cəmiyyətlər Forumunda sessiyalardan biri mürəkkəb situasiyalarda münaqişələrin həlli yollarının müzakirəsinə həsr edilib. Bu sessiyada məruzəçilər münaqişələrin həlli və sosial inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsipləri barədə danışacaqlar. Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi, onun həlli yollarına xüsusi diqqət ayrılacaq, məruzəçilər bu məsələ ətrafında geniş fikir mübadiləsi aparacaqlar.

İlk öncə "Açıq Cəmiyyətin əsasları yeni davamlı inkişaf məqsədlərində sosial inteqrasiyanın vacibliyi" mövzusunda 1-ci sessiyaya start verildi. Sessiyada vurğulanıb ki, burada məqsəd sosial inteqrasiyanı inkişaf etdirmək üçün Açıq Cəmiyyətlər konsepsiyası və onun əlaqələrini tənqidi siyasi müzakirələrə təqdim etmək və post 2015-ci il inkişaf proqramı çərçivəsində konkret tövsiyyələr irəli sürməkdir. Bildirilib ki, müzakirələr, daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanlar arasındakı sinerji anlayışını dərinləşdirməlidir. Bunun nəticəsi xüsusilə qadınlar, milli azlıqlar, gənclər və digər marjinal qruplar üçün nəzərdə tutulan davamlı inkişaf və sosial inteqrasiyanın əsas hədəflərində özünü biruzə verməlidir.

Moderator qismində Açıq Cəmiyyət layihəsinin məzmun və siyasət üzrə koordinatoru Clem McCartney çıxış edib.

Daha sonra məruzəçilər Şri-Lankanın sabiq prezident (1994-2005), Madrid Klubunun üzvü Chandrika Bandaranaike Kumaratunga, Albaniyanın sabiq prezidenti (1997-2002), Madrid Klubunun üzvü Rexhep Meidani, Belçikanın sabiq baş naziri (2009-2011), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yves Leterme, Ümumdünya Bankının sosial inkişaf şöbəsinin sosial inteqrasiya üzrə qrup rəhbəri Maitreyi Das, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova söz verilib.

Şri Lankanın sabiq prezidenti bildirib ki, bəzi cəmiyyətlərdə qəbilədəki qadınlar hüquqlarından məhrum edilir, doğuş zamanı həyatlarını itirirlər: "Bəzi cəmiyyətlərdə də səhiyyə xidmətləri aşağı səviyyədə olduğu üçün qadınlar doğuş zamanı xəstəxanalara getmir. ABŞ-da bəzi protokollar var. Həmin protokollara əsasən sosial sahədə çalışanlar müəyyən təlimlərə cəlb olunur, insanlarla davranış mədəniyyətinə yiyələnirlər. Açıq cəmiyyətlərin olmadığı ölkələrdə qanlı qarşıdurmalar yaşanır. Əgər bu məsələ nəzərə alınmasa, 2015-ci il davamlı inkişaf ola da bilməz. Mövcud olan münaqişələrin intensivliyinin azaldılmasına nail olmalıyıq. Təəssüf ki, belə münaqiqə zonaları çoxalır. Ona görə də iqtisadi inkişaf ayrılıqda münaqiqə problemlərini həll etməyəcək. Əsas odur ki, iqtisadi inkişafın nəticələri cəmiyyət üzvləri arasında bərabər şəkildə bölüşdürülsün. Hökumətlər elə siyasət yeritməlidir ki, bu məsələdə azlıqlar da nəzərə alınsın".

Albaniyanın sabiq prezidenti Rexhep Meidani millətçi çıxışlardan uzaq olmağı, birgə fəaliyyət göstərməyi vacib sayıb. Onun sözlərinə görə, bu halda dünya üçün məqbul nəticələr əldə etmək mümkündür.

Dünya Bankının Sosial İnkişaf Şöbəsinin sosial inteqrasiya üzrə qrup rəhbəri Maitreyi Das vurğulayıb ki, Braziliya hökuməti üçün bəzi tədbirlərlə bağlı tövsiyyələr təqdim olunub.

Azərbaycan təhsil naziri Mikayıl Cabbarov diqqətə çatdırıb ki, qarşılıqlı anlaşmada təhsil məsələsi əsas götürülməlidir: "Mən çox fərəhlənirəm ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsas qoyulan kurs nəticəsində Azərbaycan dayanıqlı inkişafa nail olub. Açıq cəmiyyətlərdə prosesə kimsə sahiblik etməlidir. Belə yolla uğur qazana bilərik. Bəlkə də mübahisəli qarşılana bilər, nəticələr fəaliyyət göstərilən mühitdən də asılıdır. Əgər insanın təhsilə yanaşması çevikdirsə, o, ətrafında olan reallığa daha tez uyğunlaşa bilər. Belə deyək ki o, şəxslərin beyninə betondan konsepsiyalar yeridilməyibsə və onlar bunun girovu deyilsə bu zaman təhsilə çevik yanaşmaqdan söhbət açmaq olar. Futurloqların proqnozlarına görə, peşələrin 80 faizi bu gün tanınmayan peşələr qurupuna daxildir.İnkiluziv cəmiyyətin yaradılmasında təhsilin çox böyük rolu var. Bu gün biz müşahidə etdiyimiz prosseslər onu göstərir ki, getdikə yeni peşələrin sayı artır. Aparılan araşıdırmalara əsasən bugünkü gün 9 yaşı olan uşağın bu gün mövcud olmayan peəşlərdən seçim imkanı təxminən 80 faizə bərabərdir. 22-23 yaşında bir şəxs işə başlayanda onun seçdiyi peşəni biz 90 % tanımırıq, o peşə hələ yaranmayıb. Futuroloqların proqnozlarına görə, peşələrin 80 faizi bu gün tanınmayan peşələr qurupuna daxildir. Bu da təhsil sistemi qarşısında böyük sual qoyur. Buradan belə çıxır ki, təhsil sistemində çevilikyə əsas var. Əgər insanın təhsilə yanaşması çevikdirsə, o ətrafında olan reallığa daha tez uyğunlaşa bilər".

Daha sonra "Qlobal sərhədləri təqdir edərək sosial inteqrasiya dayanıqlı iqtisadi artımın aparıcı qüvvəsi kimi" mövzusunda ikinci sessiya keçirilib. Sessiyada diqqətə çatdırılıb ki, bu mövzuda fikir mübadiləsinin aparılmasında məqsəd davamlı iqtisadi artıma nail olmaq üçün sosial inteqrasiyanın nə dərəcədə əhəmiyyətli olduğunu və əldə edilən uğurların da öz növbəsində inteqrasiya, təbii sərvətlər və qlobal sərhədlərdən nə dərəcədə asılı olduğunu daha dərindən dərk etməkdir. Diqqətə çatdırılıb ki, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti daha çox işlə təmin etməyə və beləliklə də daxili iqtisadi artımı daha da gücləndirməyə xidmət edə bilər.

Sessiyada moderator qismində Fridrix Erbert Stiftung Fondunun İsrail filialının icraçı direktoru Werner Puschra iştirak edib.

Məruzəçilər isə Finlandiyanın sabiq prezidenti (2002-2012), BMT-nin Qlobal Davamlılıq üzrə Ali səviyyəli panelinin həmsədri (2011-2012), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü və Madrid Klubunun üzvü Tarja Halonen, Botsvananın sabiq prezidenti (1998-2008), Madrid Klubunun üzvü, Festus Mogac, Moldovanın sabiq prezidenti (1997-2001), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petru Luchinschi, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova və digərləri olub.

Sonra üçüncü sessiya üzrə "Açıq Cəmiyyətlər mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu kimi" mövzusunda çıxışlar olub. Vurğulanıb ki, tarixi və müasir səbəblərə görə bu gün əksər ölkələr çox mədəniyyətli, bəzi ölkələr isə tamamilə birmədəniyyətlidir: "Bu da daxili sülh və təhlükəsizlik, eləcə də sosial ədalət və inteqrasiya üçün problemlər yaradır. Bir çox ölkə və regionlarda sülh, həqiqət və barış ən prioritet məsələlər olduğu halda, digər ölkələrdə bu xurafat, ksenefobiya, sosial bərabərsizlik və sosial təcridetmələrlə mübarizə məsələsidir. Bir çox hallarda liderlər çoxluğun maraqlarına xidmət edir və ya öz siyasi kapitalını möhkəmlətmək məqsədi ilə fərqli mənsubiyyətə məxsus olan insanlar arasındakı gərginliklərdən istifadə edir. Digər hallarda isə liderlər qəsdən sabitliyi pozmaq, gərginliyi artırmaq, silahlı münaqişələri həyata keçirmək və hətta bəzən yeni əraziləri birləşdirmək məqsədi ilə qonşu ölkələrdə etnik, dil və ya dini fərqliliklərdən istifadə edir".

Sonra moderator qismində Yunanıstanın sabiq xarici işlər naziri, Avropa Şurasının Demokratiya və Siyasət Məsələləri Komitəsinin sədri Dora Bakoyyanis çıxış edib.

Məruzəçi qismində isə Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmet Çetin, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovə digərləri iştirak edib.

Ümumilikdə Forumda 54 ölkədən 150-dən artıq nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamı iştirak edir.

Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə