Bu gün Bakıda II Qlobal Müştərək Cəmiyyətlər Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, II Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun təşkilatçılığı, Dünya Elm və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilir. Xarici qonaqlar Forum haqqında təəssüratlarını jurnalistlərlə bölüşüb:

Bolqarıstanın eks prezidenti Pyotr Stayanov: "Bu forumun Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Biz hamımız bilirik ki, Azərbaycanın əsas problemi Dağlıq Qarabağ və 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarından didərgin düşməsidir. Bura yığışanlar əsasən qaçqınlar və Dağlıq Qarabağ problemini müzakirə edəcəklər.
Bu kimi forumlar vasitəsilə ölkəniz bütün dünyada tanınır. Bir sözlə, ölkənizi, xalqınızı təbrik edirəm. Bakı gözəl şəhərdir və insanlarınız çox qonaqpərvərdir. O cümlədən Bakıdakı abu-hava və ölkənizin mühiti xoşuma gəlir. Düşünürəm ki, bu gün Bakı və Azərbaycan hər kəsin ürəyindədir".

İordaniya Krallığı Parlamentinin sədri Abdur Rauf Ravabdeh: "Bu forum Azərbaycan cəmiyyətində böyük bir hadisədir. Bura bir çox xarici ölkələrdən tanınmış və nüfuzlu insanlar toplaşıb. Hər dəfə təşkil olunan bu kimi forumlar yeni doğulmuş körpə kimi səciyyələndirilir. Belə ki, onlar növbəti illərdə də böyüyərək daha çox özlərinə nüfuz qazanırlar. Hazırda valideyn qismində Azərbaycan dövləti çıxış edir. Burada keçirilən diskussiyalar cəmiyyətdə stabillik, sakitlik və hüzurverici amillərlə xarakterizə olunur. Azərbaycan da bu forumun təşkilatçısı olaraq bu məsuliyyəti öz üzərinə götürüb. Mən hər altı aydan bir sizin ölkənizdə olarkən müsbət mənada xeyli dəyişikliklərin şahidi oluram. Bu tək abadlıq quruculuq işlərində deyil, eləcə də cəmiyyətin simasında özünü göstərir. Təbii ki, bu da Azərbaycanın dünya qarşısında olan öhdəliyindən irəli gəlir. Bu da bizləri çox sevindirir.
Bununla belə Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmalıdır. Biz istənilən işğal faktının əleyhinəyik. İordaniya BMT-də Qarabağla bağlı qəbul olunan qətnamələrin lehinə səs verib. Biz özümüz də işğala məruz qalmışıq. Dünyanın istənilən yerində işğalın əleyhinəyik".

Moldavalı Ombudsman Aurelia Qruqeriya: "Prezident İlham Əliyev forumda çıxışı zamanı Azərbaycanın konkret mövqeyini ortaya qoydu, prioritetləri bir daha bəyan etdi. Bu prioritelər hər bir ölkə üçün önəmlidir. Burada əsas olan açıq cəmiyyətlərin formalaşması və biri-birinə inteqrasiya etməsidir. Bu, ölkəyə öz xarakterini elan etmək imkanı verir.
Azərbaycanda xeyli dəyişikliklərin şahidi oldum. Təbii ki, bu da məni çox sevindirdi. Mən ölkənizi sanki yenidən kəşf etdim. Burada olan inkişaf, tərəqqi məni daha da duyğulandırdı. Bakı öz qonaqpərvərliyi və xüsusilə də insanların qayğısı ilə əhatə olunub. Hesab edirəm ki, bu forumun da Azərbaycanda keçirilməsi xüsusi ilə əhəmiyyətlidir. Forumda müxtəlif sahələrə aid vacib məsələlər müzakirə olundu. Düşünürəm ki, bu forumda səslənən fikirlər cəmiyyətə, siyasətə və digər sahələrə də öz təsirini göstərəcək".
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçirilən Forumda 54 ölkədən 150-dən artıq nüfuzlu ictimai-siyasi xadim, rəsmi şəxs, ekspert və elm adamı iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB