Dövlət başçısı: “Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik”
Dünən Praqada dövlət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan Sammit keçirilib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda çıxış edib.
Dövlət başçısı bildirib ki, iqtisadi sahədə biz çox işlər görmüşük: "Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir. İqtisadi sahədə biz çox işlər görmüşük. Sizə deyə bilərəm ki, əsasən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 dəfədən çox artmışdır. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdədir. Avropa təsisatları ilə əməkdaşlığımız genişdir, siyasi, iqtisadi, ticarət sahələrini, siyasi islahatlar və əlbəttə ki, enerji təhlükəsizliyi məsələlərini əhatə edir. 2011-ci il bu baxımdan əhəmiyyətli olmuşdur. Həmin vaxt Prezident Barrozu və mən Bakıda sıx əməkdaşlıq üçün imkan yaradan enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzaladıq. Bu qısa vaxt ərzində biz böyük uğurlar əldə edə bildik. Xüsusilə Vilnüs Sammitindən 1 ay sonra Avropanın 45 milyard dollar dəyərində ən böyük infrastruktur layihəsi hesab olunan XXI əsrin sazişini imzaladıq. Əsas investisiya Azərbaycan və bizim tərəfdaşlarımız tərəfindən qoyulacaqdır. Nəhəng qaz yatağı olan "Şahdəniz"in işlənilməsi, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Bununla da, qarşıdan gələn 4-5 il ərzində Avropa üçün yeni qaz mənbəyi açılacaqdır. Düşünürəm ki, Avropa ilə Azərbaycan arasında güclü tərəfdaşlıq elə davam etdirilməlidir ki, biz qarşılıqlı faydalı olan vacib layihələri həyata keçirə bilək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB