"Prezidentinı Sərəncamı görülən işlərin sürətlənməsinə zəmin yaratdı"
BMAM–ın təşkilatçılığı ilə İnkişaf Konsepsiyasının müzakirəsi Azərbaycanın rayon və şəhərlərində davam edir. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər" layihəsi çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində keçirilib. SİA-nın məlumatına görə, Sumqayıt şəhər İcra hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhər ictimaiyyətinin təmsilçiləri, QHT və media rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov açaraq, geniş məruzə ilə çıxış edbi: "Layihə Bakı şəhərində Yasamal və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə edir. Artıq Yasamal və Binəqədi rayonlarında ictimai müzakirələrimiz başa çatıb. Sumqayıtdan sonra isə Quba və Gəncədə tədbirlərimiz davam edəcək. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nın hazırlanması ilə bağlı verdiyi sərəncam görülən işlərin sürətlənməsinə və səmərəliliyinin artmasına zəmin yaradıb. Konsepsiyanın əhatə etdiyi bütün sahələr məhz bu yüksəlişə hesablanıb. Bu konsepsiya Azərbaycan dövlətinin yeni böyük uğurlarının başlanğıcıdır. Bütün sahələrlə yanaşı, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması bu konsepsiyada xüsusi əhəmiyyət daşıyır. Ölkə əhalisinin iş yerləri ilə təmin olunması üçün kompleks tədbirlər planı həyata keçirilir. Hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Belə ki, son illər ərzində Azərbaycanda işsizliyin və yoxsulluğun azaldılması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının qəbulunun müvəffəqiyyətlə icra edilməsi nəticəsində 40 mindən artıq yeni müəssisə yaradılıb, 2003-cü ildən bu günədək Azərbaycanda 1 milyon 200 min iş yeri açılıb ki, onların 800 mindən çoxu daimi iş yeridir. Əgər 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49% təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 5.2% səviyyəsinədək düşüb".
Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Seyfəddin Rəhimov və həmin şöbənin baş məsləhətçisi Fərman Kazımov çıxış ediblər. Natiqlər Konsepsiya çərçivəsində Sumqayıt şəhərində görülən işlərdən geniş və ətraflı danışıblar. Bildiriblər ki, Sumqayıt şəhəri gündən-günə inkişaf edir. Bütün görülən işlər konsepsiyadan irəli gələn vəzifələrdir. Konsepsiyanın qarşıya qoyduğu məqsədlərə görə Sumqayıtda neft-kimya məhsullarının emalı ilə bağlı bir çox işlər görülüb və bu hazırda da davam edir. Sumqayıt artıq ekoloji cəhətdən təmiz şəhərlər sırasındadır. Müasir tələblərə cavab verən Sumqayıt Texnologiyalar Parkının yaradılması bu sarıdan mühüm əhəmiyyət daşıyır. STP nəhəng, çoxşaxəli və respublika iqtisadiyyatının inkişafına hesablanmışdır. Fərdi sahibkarlar üçün yaradılan bu cür imkanlar yeni iş yerlərinin açılması ilə yanaşı, istehsalatın artımı və yüksək rəqabətli məhsulların meydana gəlməsi deməkdir. Digər sahələrdə də qarşıya qoyulan məqsədlər uğurla həyata keçirilir.
BMAM sədrinin müavini, layihənin eksperti Həbib Heydər isə çıxışında konsepsiyanın gənclərlə bağlı müddəalarına diqqət çəkib: "Konsepsiyanın mühüm özəlliklərindən biri də odur ki, yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, işgüzar mühitin təkmilləşdirilməsi üçün münbit şəraitin yaradılması əsas şərtlərdən biri kimi qoyulub. Elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təmin edilməsi, "bilik iqtisadiyyatı"nın formalaşdırılması xüsusi istiqamət kimi təyin edilib. Bu isə avtomatik gənc kadrlara, eləcə də gənc alimlərə olan ehtiyacı artırır. Sözügedən müddəalar gənc elmi işçilərin iş səmərəliliyini artıracaq, gənclərin sosial müdafiəsini gücləndirməklə "beyin axını"nın qarşısını alacaqdır. "Beyin axını" ilə bağlı məsələ konsepsiyada qırmızı xətt kimi keçir. Orta təhsildə də "yaddaş məktəbi"ndən, "düşüncə, fikir məktəbi"nə keçidin əsasının qoyulması məhz İnkişaf Konsepsiyasında irəli sürülmüşdür. 2013-2020-ci illərdə təhsilə ayrılan vəsaitlərin ÜDM-dəki payı artırılaraq, dünya göstəricilərinə çatdırılacaqdır. 12 illik təhsil sisteminə keçidlə yanaşı, məktəbdənkənar təlim proqramlarının hazırlanması təhsilin utilitarlığını yüksəldəcək. 2015-2020-ci illər üçün gənclərimizin xaricdə təhsil alması ilə bağlı yeni Dövlət Proqramının qəbulu da nəzərdə tutulur. Sözsüz ki, Azərbaycanın inkişafı ilk növbədə Azərbaycan gəncinin inkişafından çox asılıdır. Bu həm də gənclərimizi öz təsirinə salan müxtəlif zərərli dini və siyasi cərəyanların fəaliyyətini çətinləşdirəcək. Dövlətimizin milli təhlükəsizliyi gənclərimizin milli dövlətçiliyə sahib çıxmasından keçir".
Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək bildirib ki, konsepsiya kompleks şəkildə bütün istiqamət və sahələri əhatə edir: "Konsepsiyanın əsas müddəalarından biri də müasir təhsil sisteminin formalaşdırılması, gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi, gənclərin potensialının və idmanın inkişafi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, ətraf mühitin qorunması və ekologiya məsələləridir. Vətəndaş cəmiyyəti ildən-il inkişaf edir. QHT-lərin, mətbuat vasitələrinin təkcə sayı deyil, keyfiyyəti də müsbət mənada sürətlə dəyişir. İdmana olan diqqət və qayğı, gənclərlə bağlı həyata keçirilən layihələr bütünlükdə cəmiyyətimizin inkişafına stimul verir. Bu da onu göstərir ki, yaxın gələcəkdə biz indiki inkişaf rəqəmlərinin daha da yüksələcəyini görəcəyik".
Tədbirin sonunda şəhər ictimaiyyətinin nümayəndələri, QHT rəhbərləri media nümayəndələri və başqaları çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB