“Ermənilər Dağlıq Qarabağ tənzimlənməsində İranın mövqeyinin dəyişməsinin labüdlüyünü nəzərə almalıdırlar”

Mübariz Əhmədoğlu: “İran Azərbaycanı inandırmaq istəyir ki, məhz onun silahları Dağlıq Qarabağı erməni işğalından azad edə bilər”
“Ermənilər Dağlıq Qarabağ tənzimlənməsində İranın mövqeyinin dəyişməsinin labüdlüyünü nəzərə almalıdırlar”

"İran prezidentinin Tehranda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsinə dair işlətdiyi "coğrafi sərhədlərin dəyişməsi İran üçün məqbul ola bilməz" fikrini ermənilər əvvəlcə təkzib etdilər. İran prezidentinin saytında yayılan məlumatı oxuyarkən bu fikirlər ermənilərin gözündən yayınmışdı, bəlkə də bilərəkdən görmək istəməmişdilər. Yeri gəlmişkən, ermənilər eynilə bu diqqətlə Türkmənistan prezidentinin saytına baxsalar daha yaxşı olar, çünki Türkmənistan prezidentinin saytı da S.Sərkisyanın Aşqabadda mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsi haqqında fikrini yerləşdirməyib. Bəlkə də S.Sərkisyan heç o fikri işlətməyib. Yalnız erməni saytları S.Sərkisyanın adından Dağlıq Qarabağ tənzimlənməsi haqqında bəyanat yayıblar". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bugün keçirdiyi mətbuat konfransında deyib.

M.Əhmədoğlunun sözlərinə görə, ermənilərin korluğu və karlığı o dərəcəyə çatıb ki, onlar İranın ali dini liderinin Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyini inkar edirlər: "Hərhalda belə düşünmələri ağılsızlıqlarının nəticəsidir. Ən azı İranın Ali dini lideri Seyid Əli Xamneyinin iki işçisinin- Təbriz və Ərdəbilin imam cümələri S.M.Şəbüstəri və S.Amilinin bütün Ermənistanı lərzəyə salan Dağlıq Qarabağ haqqında bəyanatlarını unutmazdılar. Hətta S.Ə.Xamneyinin Dağlıq Qarabağın müsəlman torpağı olduğuna görə azad olunması barədə vaxtilə cihad elan etdiyini deyənlər də var. Əgər Azərbaycan İranın ali dini liderinin "müqavimət iqtisadiyyatı" təşəbbüsündə iştirak edəcəksə S.Ə.Xamneyinin yenidən həmin cihad fətvasını təkrarlaması çox ehtimallıdır. Nəzərə alınmalıdır ki, İranın Ali dini lideri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi çox təcrübəli siyasətçi adlandırdı. İranın müstəqil Azərbaycana münasibətinin tarixinə bələd olanlar üçün bu inqilabi dəyişiklikdir, həm də etirafdır. Ermənilər həm də nəzərə almalıdır ki, İranın indiki prezidenti S.Ruhani eks-prezident Əhmədinecaddan çox fərqlidir. Fərq bütün parametrlərdə müsbət tərəfədir. S.Ə.Ruhani İranın mədəniyyətini erməninin mədəniyyətilə eyniləşdirməyib. S.Ə.Ruhaninin "coğrafiya dəyişkənliyi" termini də M.Əhmədinecadın analoji terminindən fərqlidir. Bir görüşlə İranın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyinin 180 dərəcə dəyişəcəyinə inanmamışıq və inanmırıq. Çünki ortada inkişaf edən proses var. İranın mövqeyinin dəyişilməsi bu proses nəticəsində lazimi həllini tapacaq. Hər halda Ruhani eks-prezident M.Xatəmini özünə böyük bilir. Eks-prezident Xatəmi Yerevan Dövlət Universitetində Dağlıq Qarabağın Azərbaycana məxsusluğu bəyanatını verdi və bu universitetin professor-müəllim heyəti həmin bəyanatı alqışlarla qarşıladılar. Ruhani Xatəminin bu uğurunu bir az da artıq formada təkrarlaya bilər".

M.Əhmədoğlu onu da deyib ki, İran Azərbaycanı inandırmaq istəyir ki, məhz onun silahları Dağlıq Qarabağı erməni işğalından azad edə bilər: "Bu məsələ təsadüfdən yaranmayıb. Azərbaycanın digər dövlətlərdən silah alması İranda həmişə narahatlıq yaradıb. İranın Azərbaycana qarşı bu mövzuda narahat olmasının iki səbəbi var: Birincisi, Azərbaycan Rusiya və İsraildən ən müasir silahları alır. Bu silahlar Ermənistanı 10 dəfə alt-üst edə bilər. Belə olan təqdirdə Azərbaycan bu silahları Ermənistana deyil, İrana qarşı istifadə edə bilər. İkincisi, iqtisadi və ya maliyyə parametrlərilə bağlıdır. İrana pul lazımdır. İranın silahı var. Belə olan halda Azərbaycan kimi varlı, potensial alıcı İranla silah alveri etməlidir. Bu məqsədlə İran uzun müddət Azərbaycan əhalisini inandırmağa çalışırdı ki, həm Rusiya, həm də İsrail Ermənistanın müttəfiqidir. Bu iki dövlətin Azərbaycana satdığı silahlar Ermənistana qarşı müharibədə istifadə oluna bilməz. Çünki həm Rusiya, həm də İsrail Azərbaycana verdiyi silahları Ermənistana doğru hərəkət etməmək üçün kodlaşdırıblar. Amma İran Azərbaycana satacağı təqdirdə bu silahlar erməniləri məhv edəcəkdir. Azərbaycan İranla iqtisadi əməkdaşlığa normal yanaşdığı halda silah alverinə müəyyən qədər ehtiyatla yanaşırdı. İndi görünür, İran Rəsmi Bakını iki ölkə arasında tamformatlı hərbi əməkdaşlığın mümkünlüyünə inandıra bilib. Azərbaycan Prezidenti İranda olarkən hərbi əməkdaşlığın genişləndirilməsinə razılığını bildirdi. Səfər zamanı imzalanmış müqavilələrin mahiyyətində də hərbi əməkdaşlığa dəlalət edən məsələlər var idi. Az sonra Azərbaycanın müdafiə naziri Z.Həsənova İrana səfəri zamanı birgə hərbi təlimlərin keçirilməsi və silah alveri də daxil olmaqla hərbi-texniki əməkdaşlığın tam kompleksi nəzərdən keçirildi. Göstərişlər verilib, lazımi sənədlər hazırlanır".

"İran Araz çayının daşacağı və ya digər məsələlərdə sərhədyani zonalarda Azərbaycanın Fövqəladə Hallar Nazirliyilə birgə tədbirlər reallaşdıra bilər. İran Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə İranla Azərbaycan arasındakı sərhədlərin, xüsusilə işğal olunmuş ərazilərdən keçən sərhədlərin delimitasiya, demarkasiyasına başlaya bilər. Bu faktiki İranın iştirak ilə Azərbaycan sərhədlərinin müdafiəsinin Azərbaycana qaytarılması deməkdir. İran Azərbaycanın Müdafiə Nazirliyilə işğal olunmuş ərazilərin qonşuluğunda birgə hərbi təlimlər keçirə bilər. Eləcə də İranın Azərbaycan ordusuna satdığı silahın imici barədə də düşünməlidir. Bu hallar reallaşarsa Ermənistanın hansı vəziyyətə düşəcəyini təsəvvür eləmək çətin deyil. Bu ssenarinin reallaşmaması isə yalnız Ermənistandan asılıdır: Ya Ermənistan İranın təsiri altına düşməli, ya da minimum Dağlıq Qarabağı Azərbaycana qaytarmalıdır", - deyə M.Əhmədoğlu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə