Alpay Əhmədov: “İƏT Ermənistanın azərbaycanlılara qarşı təcavüzünü öz qətnamələrində qeyd edib MÜSAHİBƏ

“BMT TŞ-nın qəbul olunan qətnamələrində Ermənistanın adı çəkilmir”
Alpay Əhmədov: “İƏT Ermənistanın azərbaycanlılara qarşı təcavüzünü öz qətnamələrində qeyd edib MÜSAHİBƏ

İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini Alpay Əhmədovun SƏS TV-yə müsahibəsi:

- Alpay müəllim, aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Həmin iclasda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq edilməli olduğunu deyib. Siz bu fikirlərlə bağlı nə deyə bilərsiniz?

- Təbii ki, Ermənistana münasibətdə ikili standartların olmasının geosiyasi səbəbləri var. Bəlli olduğu kimi, hər hansı bir ölkəyə qarşı sanksiyanın qəbul olunması üçün BMT Təhlükəsizlik Şurasının yekdil qərarı olmalıdır. Məhz o yekdil qərarın qəbul olunmasına mane olan səbəblər üzündən də bu hələ ki, mümkün deyil. Amma istənilən halda "Xocalı faciəsi"nin dünyaya çatdırılması istiqamətində Azərbaycan hökumətinin başda dövlət rəhbəri İlham Əliyev olmaqla aparılan siyasət müsbət qiymətləndirilməlidir. Hesab edirəm ki, bu istiqamətdə əldə edilən uğurlar BMT-dən sonra ikinci böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatı (İƏT) səviyyəsində (Xocalı faciəsi və Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı) qəbul olunan qətnamə diplomatik sahədə uğur hesab olunmalıdır. Bunu, hətta gələcək uğurun leqitim bazası saymaq olar.

- Cənab Prezident həmin iclasda xüsusi olaraq vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri icra edilmir. Onlara məhəl qoyulmur. Bu haqda siz nə düşünürsünüz?

- İƏT yeganə təşkilatdır ki, Ermənistanın azərbaycanlılara qarşı təcavüzünü öz qətnamələrində qeyd edib. Əgər siz fikir versəniz görərsiniz ki, BMT TŞ-nın qəbul olunan qətnamələrində Ermənistanın adı çəkilmir. Avropa Şurası Parlament Assambleyasının 2004-cü ilin yanvar ayındakı qətnaməsində bu məsələyə üstüörtülü toxunulub. Amma İƏT yeganə təşkilatdır ki, nəinki Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması faktını öz sənədlərində qeyd edir, eləcə də BMT TŞ-nin 4 qətnaməsinin icra olunmasını tələb edir. Bu gün Azərbaycanda ordu quruculuğu sahəsində çox böyük və effektiv işlər görülür. Hesab edirəm ki, rəsmi Bakı ordu quruculuğu ilə bərabər diplomatik sahədə də çox ciddi uğurlar əldə edib.

- İslam Konfransı Gənclər Forumunun Avrasiya üzrə regional mərkəzi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini necə görür?

- Bildiyiniz kimi, İslam Konfransı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası dialoq üzrə koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası həyata keçirildi. İƏT 2008-ci ildən etibarən Xocalı faciəsinin insanlığa qarşı kütləvi qırğın kimi tanınması istiqamətində kifayət qədər ciddi sənədlər qəbul edib. Bundan sonrakı işlərə gəldikdə isə, bizim tək İƏT məkanında deyil, Avropa məkanında və Avropanın bir sıra aparıcı ölkələrində də Xocalı faciəsinin insanlığa qarşı kütləvi qırğın kimi tanınması üçün səylərimizi gücləndirmək fikrimiz var. Hətta bəzi Latın Amerikası ölkələri də Xocalı faciəsini insanlığa qarşı kütləvi qırğın və cinayət kimi tanıyıb. Təbii ki, bu da aparılan kampaniyanın ciddi uğurlarından biridir.

- ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik şəxsi "twitter" səhifəsində hər zaman işğalçı ölkənin, yəni Ermənistanın fikirlərinə dəstək verir. Ümumiyyətlə, bir həmsədr kimi onun bu hərəkətləri necə qiymətləndirilir?

- Əlbəttə, bu həmsədr olan ölkə üçün düzgün addım deyil. Əgər biz ABŞ Dövlət Departamentinin illik hesabatlarına nəzər salsaq görərik ki, sözügedən ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyir. Görünür, Uorlik bu məsələyə yanaşmada bəzən şəxsi mövqeyindən çıxış edir. Təbii ki, bu da təqdir olunası hal deyil.

- Son olaraq Rusiya-Ukrayna münaqişəsi ilə bağlı fikirlərinizi almaq istərdik. Ümumiyyətlə bu proseslərin Cənubi Qafqaz və qonşu ölkələrə təsir imkanları necə ola bilər?

- Mən bunu ilk növbədə Azərbaycan üçün ciddi çağırış hesab edirəm. Ukraynanın ərazi bütövlüyünün kobud şəkildə pozulması, Krımın faktiki Rusiya tərəfindən işğalı Azərbaycanın yaxın gələcəkdə ciddi təhlükələrlə üzləşməsi mənasına gəlir. Məlumdur ki, hazırda Ukraynaya qarşı işğalçılıq siyasəti həyata keçirən Rusiya Ermənistanın müttəfiqidir. Eyni zamanda biz beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinin kobud şəkildə pozulmasının şahidi olmaqdayıq.

Bütün xəbərlər Facebook səhifəmizdə