Zahid Oruc: “Türkiyə baş nazirinin Azərbaycana səfəri bölgə dövlətlərinə mesaj idi”

Zahid Oruc: “Türkiyə baş nazirinin Azərbaycana səfəri bölgə dövlətlərinə mesaj idi”

"Son zamanlar baş verən proseslər fonunda dünya siyasətində Azərbaycanın rolu xeyli artıb. Çünki regional proseslərin gərgin məcraya daxil olduğu bir vaxtda bölgədə əsas resurs dövlət Azərbaycandır". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.

Z. Oruc bildirib ki, Azərbaycan digər bölgə dövlətlərindən fərqli olaraq beynəlxalq münasibətlər sisteminə təsir imkanları daha çoxdur: "Transmilli layihələrin əsas qərarvericisi kimi ölkəmizin atdığı addımlar mahiyyət etibarı ilə regional proseslərə təsir göstərir. Hətta Rusiya-Ukrayna hadisələri fonunda qərb özü üçün müəyyənləşdirməli olur ki, hansı dövlətlə münasibətlərini daha da sıxlaşdırsın".

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin çox mühüm bir dövrə baş tutduğunu deyən Z.Oruc vurğuılayıb ki, bu səfər bölgə dövlətlərinə mesaj xarakteri daşıyırdı: "Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyini hərbi cəhətdən daha da möhkəmləndirəcək. Bu o deməkdir ki, ölkəmiz əleyhinə hər hansı bir addım atılarsa, həmin qüvvə Türkiyəni öz qarşısında görməli olacaq. Hesab edirəm ki, artıq bunu bütün tərəflər qəbul edib".

Millət vəkili deyib ki, 90-cı illərdən bu yana vəziyyət dəyişib və artıq Türkiyə Cənubi Qafqazda aktiv bir oyunçudur: "Ona görə də hər bir tərəf Türkiyənin regionda mövcudluğunu qəbul edərək addımlar atır. Bu baxımdan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin çox yüksək qiymətləndirirəm və gələcəkdə də Azərbaycan-Türkiyə münasibətlərinin uğurla davam edəcəyinə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə