Mais Səfərli: “Müxalifətin rəhbərlik etdiyi partiyalara “Qəzet partiyaları” deyilir” MÜSAHİBƏ
Yurtdaş partiyasının sədri Mais Səfərlinin SƏS TV-yə müsahibəsi:
- Radikal müxalifətin yaratdığı və elə özlərinin də dağıtdıqları blok və birliklərin yerində yeni bu kimi qurumların yaradılması sizcə, hər hansı sifarişdən qaynaqlana bilərmi?
- Bildiyiniz kimi, hazırda müxalifətdə olan siyasi qüvvələrin əksəriyyəti 20 ildən çoxdur ki, siyasi meydandadırlar. Bu illər ərzində onlar öz seçicilərini itirə-itirə gəliblər. Buna sübut olaraq, sonuncu prezident seçkilərini misal göstərmək olar. Onlar bu uğursuzluqlarını ört-basdır etmək və gündəmdə qalmaq üçün müxtəlif üsullara əl atırlar. Bu üsullardan biri də hər hansı birlik və ya qurum yaradıb, insanların diqqətini özlərinə cəlb etməkdir. Radikal müxalifət bu gün o qədər zəifdir ki, hətta onlar bir partiyanı idarə etmək iqtidarında deyillər. Məhz bu səbəbdən də cəmiyyətdə onların rəhbərlik etdiyi partiyalara "Qəzet partiyaları" deyilir. Sözügedən partiyaların rəhbərlərinin funksiyası həmin qəzetlərdə müsahibə və bəyanatlar verməkdən başqa bir şey deyil. Sözügedən partiyalar müxtəlif qütblərə bağlıdır və onların rəhbərlərinin ambisiyaları toqquşur. Bu səbəbdən də partiyalar düşmən münasibətindədir. Onlar sadəcə cəmiyyətdə görünüş yaratmaq və qəbul etdikləri sifarişləri icra etmək üçün müəyyən birliklər yaradırlar. Məhz bu səbəbdən də onların yaratdıqları qurumlar cəmiyyətdə "Ölü doğulmuş uşaq " adlandırılır.
- Onların yeni ideyası olan "Düşüncə Mərkəzi" haqında nə fikirləşirsiniz? Sizcə, o vahid mərkəz olaraq fəaliyyət göstərə bilərmi?
- Heç bir gücə malik olmayan cılız müxalifətin yaratdığı bir qurum uzun ömürlü ola bilməz. Eyni zamanda onlar ictimai fikirdə heç bir dəyişiklik edə bilməz. Onların yaratmış olduqları "Düşüncə Mərkəzi" də digərləri kimi səmərəsiz və faydasız olacaq. Bu mərkəz sadəcə onların dırnaqarası birlikdə olduqlarını sübut etmək üçün bir vasitədir. Onu da qeyd etmək istəyirəm ki, müxalifətin yaratmış olduğu bütün qurumlar əslində eynidir. Sadəcə onlar ad dəyişməklə cəmiyyətə bunu yenilik kimi təqdim etmək istəyirlər. Mahiyyət eyni olduqdan sonra ad dəyişmək heç bir işə yaramayacaq.
- Türkiyədə keçirilən bələdiyyə seçkiləri barədə sizin fikrinizi öyrənmək istərdik. Türkiyə müxalifəti iddia edir ki, seçkilərdə saxtakarlıq oldu. Digər tərəfdən Azərbaycan müxalifəti, daha doğrusu Müsavat və AXCP bu barədə Türkiyə müxalifətinə dəstək verdilər. Bütün bunları siz necə qiymətləndirirsiniz?
- Türkiyə bizim üçün qardaş ölkədir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "bir millət, iki dövlətik". Eyni millət olduğumuza görə bir-birimizdən sevgimizi heç vaxt əsirgəməməliyik. Lakin hər bir ölkənin özünün daxili siyasəti var. Başqa ölkənin daxili siyasətinə qarışmaq düzgün deyil. Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, onlara qarşı münasibətimiz dəyişməyib və dəyişməyəcək. Azərbaycan müxalifətinin Türkiyədə keçirilən bələdiyyə seçkilərinə əsassız müdaxilə etməsi siyasi etikaya uyğun deyil. Bu, həm də qardaşlıq münasibətlərinə ziddir. Bir sözlə, Azərbaycan müxalifətinin həmin seçkilərə müdaxilə etməyə haqqı yoxdur. Çünki onlar sözügedən seçkilərdə müşahidəçi qismində belə təmsil olunmayıblar. Onların Türkiyə müxalifətinin fikirlərinə söykənərək belə bir ittiham irəli sürməsi tamamilə absurd və gülüncdür. Onlar ölkəmizdə mövcud olan problemlərlə məşğul ola bilmədiyi halda, dünyada baş verən məsələlərə müdaxilə etməyə çalışırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB