Azərbaycanda gömrük işi sahəsində müsadirə edilən mallar dövlət mülkiyyətinə veriləcək
Nazirlər Kabineti "Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilən, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, qaydalar müsadirə edilən, şəxsin dövlətin xeyrinə imtina etdiyi xarici və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilən mallara və nəqliyyat vasitələrinə şamil edilir.
Müsadirə edilən və ya şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar müvafiq olaraq, gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin və ya mallardan dövlət xeyrinə imtina edilməsi üçün icazənin verilməsinə dair gömrük orqanının qərarı qüvvəyə mindiyi gündən dövlət mülkiyyətinə keçirilmiş hesab edilir.
Qaydalara görə, müsadirə edilən, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən qəbul ediləcək.
Dövlət mülkiyyətinə keçirilən mallar açıq gömrük hərraclarında satılır. Dövlət mülkiyyətinə keçirilən və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi isə Nazirlər Kabinetinin "Dövlət mülkiyyətinə keçirilən və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları" ilə tənzimlənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə