31 Mart Soyqırımı ilə bağlı ön cəbhədə tədbir keçirilib FOTOLAR

31 Mart Soyqırımı ilə bağlı ön cəbhədə tədbir keçirilib FOTOLAR

Tovuz rayonunda Ermənistanla ön cəbhədə hərbi hissədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir 31 Mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra çıxış edən hərbi hissə rəhbərliyi 1918-ci ilin martında erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi soyqırımdan, xalqımızın üzləşdiyi tarixi faciələrdən danışıb və bu cür anım tədbirlərinin hərbi hissələrdə keçirilməsinin əhəmiyyətini vurğulayıb. Tədbirdə çıxış edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarının xronologiyası, xalqımızın XX yüzildə yaşadığı tarixi hadisələr və onların mahiyyəti haqqında ətraflı danışıb. Millət vəkili Qənirə Paşayeva 31 Mart soyqırımı ilə bağlı rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan "Azərbaycan həqiqətləri" seriyasında XX əsrin əvvəllərində erməni terror təşkilatlarının Azərbaycanda dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlar – "Soyqırımı:Bakı", "Soyqırımı:Quba", "Soyqırımı:Şamaxı" adlı 3 film barədə məlumat verib və bildirib ki, bu filmlərin hazırlanmasında, ölkəmizdə və xarici ölkələrdə yayılmasında məqsəd XX əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin torpaqlarımızda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımları və XX əsrin sonlarında Ermənistanın işğal etdiyi torpaqlarımızda dinc insanlarımıza qarşı törətdiyi soyqırımları, vandalizm aktları bütün dünyaya daha geniş şəkildə təbliğ etmək işinə dəstək göstərməkdir.

Nəinki XX əsrin əvvəllərində, həm də XX əsrin sonlarında ermənilərin azərbaycanlılara qarşı soyqırımı törədənlərin də ədalət və tarix qarşısında lazımi cavab vermədiklərini qeyd edən millət vəkili Qənirə Paşayeva bu soyqırımları xalqımızın unutmadığını, unutdurmayacağını dedi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı 31 mart soyqırımı ilə bərabər, XX əsrin sonunda Ermənistanın xalqımıza qarşı törətdiyi Xocalı Soyqırımının, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva gəncləri fəal olmağı, onları azərbaycanlıların soyqırımı barədə yalnız 31 mart tarixində deyil, hər zaman düşünməyi, tariximizə sahib çıxmağı tövsiyə edib və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial medianın təqdim etdiyi imkanlardan geniş istifadə etməyə, bu istiqamətdə səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB tərəfindən hazırlanan "Azərbaycan həqiqətləri" toplusuna daxil olan Soyqırımı:Bakı", "Soyqırımı:Quba", "Soyqırımı:Şamaxı" filmləri nümayiş olunub. Filmlərin nümayişindən sonra "Azərbaycan həqiqətləri" toplusunun nüsxələri millət vəkili Qənirə Paşayeva tərəfindən hərbi hissəyə hədiyyə edilib. Daha sonra millət vəkili Qənirə Paşayeva hərbi hissədə xidmət edən əsgər və hərbçilərlə görüşərək onlarla geniş söhbət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə