Musa Qasımlı: “Xarici ölkələrdən bu günə qədər açılmayan arxiv materiallarının gətirilməsi zəruridir”

Musa Qasımlı: “Xarici ölkələrdən bu günə qədər açılmayan arxiv materiallarının gətirilməsi zəruridir”

"31 mart soyqırımı Azərbaycan tarixinin acı səhifələrindən biridir". Bu fikirləri SİA-ya açıqlamasında tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı deyib.

Bu hadisə ilə bağlı sistemli işin aparılmasına 1998-ci il 26 mart tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncamdan sonra başlandığını qeyd edən millət vəkili vurğulayıb ki, Sovet dövründə bu hadisənin istintaqı sükutla keçirilib, ya da sinfi mübarizə, vətəndaş müharibəsi kimi qələmə verilib: "1998-ci ildən sonra 31 mart soyqırımı haqqında məqalələr, kitablar yazıldı. Bununla da erməni daşnak dəstələrinin bolşevik hökuməti ilə birlikdə azərbaycanlılara qarşı törətdikləri soyqırımın gerçəkliklikləri üzə çıxdı. Soyqırımla bağlı arxiv sənədləri Milli Təhlükəsizlik Nazirliyinin bilavasitə köməyi ilə toplanaraq nəşr edilib. Həm Bakıda, həm Qubada, həm də Şamaxıda törədilən qırğınlarla bağlı arxiv sənədləri artıq işıq üzü görüb".

Musa Qasımlı eyni zamanda onu da vurğulayıb ki, kütləvi informasiya vasitələri, o cümlədən elektron KİV-lər mövcud sənədləri yayaraq beynəlxalq aləmə çatdırırlar: "Bu işdə eləcə də gənclər yaxından dəstək ola bilər. Belə ki, gənclər Azərbaycan həqiqətlərini sosial şəbəkələrdə geniş şəkildə paylaşa bilərlər. Diaspora təşkilatları xarici ölkələrdə konfranslar keçirərək həmin ölkələrin elm adamlarını həqiqətlərin şahidi olmağa çağırırlar. Amma bunlar yetərli deyil. Xarici ölkələrdən bu günə qədər açılmayan arxiv materiallarının gətirilməsi zəruridir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə