Elman Abdullayev: “Hesab edirəm ki, ATƏT-in həmsədrləri bunu çox ciddi nəzərə almalıdır” MÜSAHİBƏ
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin SƏS TV-yə müsahibəsi:
- Elman müəllim, martın 25-də Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti barəsində nə deyə bilərsiniz?
- Təbii ki, bu gün beynəlxalq ictimaiyyətin diqqət mərkəzində duran əsas məsələlərdən biri nüvə texnologiyasından istifadədir. İranla aparılan danışıqlar, Yaponiyada baş verən məlum hadisələr onu göstərir ki, artıq dünya ölkələri, beynəlxalq ictimaiyyət alternativ enerji mənbələrinə müraciət etmək barədə düşünməyə başlayıb, nüvə enerjisindən sülh məqsədilə istifadə olunması yollarını araşdırır və s. Təbii ki, Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrinin birmənalı şəkildə nüvənin hərbi məqsədlər üçün istifadə olunmasına qarşı çıxması onu göstərir ki, artıq beynəlxalq ictimaiyyət öz axarını dəyişmək üzrədir. Bu məsələ ilə bağlı artıq beynəlxalq ictimaiyyətin gündəliyində yeni tendensiya yaranır.
- Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq dedi ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Siz bu barədə nə deyə bilərsiniz?
- İlk növbədə, cənab Prezident İlham Əliyevin Metsamor Atom Elektrik Stansiyası (AES) ilə bağlı məsələni III Nüvə Təhlükəsizliyi Sammitində səsləndirməsi təbii ki, beynəlxalq ictimaiyyətə verilən mesaj idi. Həqiqətən də bu gün Ermənistanda AES-nin mövcudluğu heç bir standartlara cavab vermir, köhnəlib, istifadəyə yarasızdır. Təbii ki, bu baxımdan həmin AES-in region üçün təhlükə törətdiyinə (həm ətraf mühitin çirklənməsi baxımından və s.) dair Prezident İlham Əliyevin çıxışı bir daha həmin məsələyə beynəlxalq ictimaiyyətin diqqətinin yönəldilməsinə hesablanıb. Bu cür məsələlərdə beynəlxalq ictimaiyyət də laqeyd olmamalıdır. Çünki biz Cənubi Qafqaz regionundan danışırıq. Cənubi Qafqaz regionu tək üç ölkədən ibarət deyil. Regiona qonşu digər ölkələr də yerləşir. Təbii ki, Cənubi Qafqaz bütövlükdə Avropa İttifaqının qonşuluğunda yerləşən bir regiondur. Bu cür məsələlər ümumilikdə həm Avropa İttifaqı, həm dünyanın nəhəng ölkələrindən sayılan Rusiya və eyni zamanda digər Xəzəryanı ölkələr üçün ciddi əhəmiyyət kəsb etməlidir. Ümumiyyətlə, Azərbaycan diplomatiyası və biz diplomatlar olaraq bu məsələni digər müvafiq strukturlarımızla birgə müxtəlif beynəlxalq təşkilatlarda qaldırırıq. Bu məsələ olduqca həyacan təbili çalan məsələdir. Təbii ki, cənab Prezidentin də 50-dən çox ölkənin liderlərinin toplaşdığı bir məclisin tribunasından həmin məsələni beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etməsi onu göstərir ki, artıq bu AES-lə bağlı lazımi addımlar atılmasının vaxtı çatıb. Vaxtilə Avropa İttifaqı tərəfindən Ermənistana təkliflər olub. Bilirsiniz ki, artıq AES-dəki 4 reaktordan ikisi işləyir. Lakin məsələ reaktorların çalışmasında deyil, bu AES-in çox köhnə model olmasındadır. Təbii ki, bu stansiya region üçün olduqca təhlükəlidir. Hesab edirəm ki, bu məsələyə beynəlxalq ictimaiyyət xüsusi diqqət yetirməlidir və xüsusilə Avropa İttifaqı bu məsələdə öz mövqeyini ortaya qoymalıdır.
- Siz necə düşünürsünüz, AES-in saxlanılmasında Rusiya faktoru hansı rol oynaya bilər?
- Təbii ki, bu məsələ ilə bağlı Rusiya ilə Ermənistan arasında müəyyən danışıqlar aparıldı. Lakin bu gün məsələ kiminsə təzyiq etməsindən getmir. Məsələ AES-in Rusiyanın özü üçün də təhlükəli olmasından gedir. Ümumi nəzər saldıqda region elə də böyük deyil. Hesab edirəm ki, bu gün ətraf mühitin çirklənməsinə dair Azərbaycanın qaldırdığı bu məsələyə beynəlxalq ictimaiyyət olduqca diqqətli və ciddi yanaşmalıdır.
- Bu yaxınlarda ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz şəxsi "tweeter" səhifəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ermənipərəst mövqedən çıxış edib. Bu məsələlərə sizin yanaşmanız necədir?
- Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun bir mandatı var. Təbii ki, onun əsas missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin bərpa olunmasına çalışmasıdır. Bu gün elə Azərbaycan xalqına qarşı ən böyük ədalətsizlik nümayiş olunur. Bu ondan ibarətdir ki, ölkəmizin 20 faiz torpaqları işğal altındadır, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz öz doğma yurd-yuvalarından didərgin düşüb. Təbii ki, ədalətin bərpa olunması Azərbaycanın ərazi bütövlüyünün və suverənliyinin bərpa olunması və bir milyondan artıq insanın hüquqlarının müdafiə olunması deməkdir. Digər tərəfdən ATƏT-in bütün həmsədrlərinin fəaliyyəti hər iki tərəfdən müəyyən etibarın və etimadın qazanılmasına yönəldilməlidir. Bu gün Azərbaycan ictimaiyyətində ATƏT-in fəaliyyəti ilə bağlı çoxlu neqativ fikirlər səsləndirilir. Bu o deməkdir ki, Azərbaycan xalqı münaqişənin 20 ildən artıqdır həllinin nəticə verməməsindən və 1 milyondan artıq insanın hüquqlarının pozulmasından çox ciddi narahatdır. Hesab edirəm ki, ATƏT-in həmsədrləri bunu çox ciddi nəzərə almalıdır. Çünki ədalətin bərpa olunması o deməkdir ki, insanların öz hüquqları özlərinə qaytarılmalıdır. Təbii ki, bu bütün qətnamələrdə də belədir. Məsələn, Avropa Parlamentinin 2010-2012-ci illərdəki qətnaməsində də azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına qayıtması hüquqları var. Biz bu gün buna nail olmalıyıq. C.Urolik tərəfində də danışıqların aparıldığı həssas dönəmdə belə bir fikir səsləndirməsi deyərdim ki, anlaşılmazlıqlar doğura bilər və münaqişənin həlli prosesində mənfi tendensiyanın yaranmasına səbəb ola bilər. Birincisi, ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara vasitəçilik edirlər. Məhz ona görə də onlar Bakıya və İrəvana səfər edərək hər iki ölkənin rəhbərlikləri və xarici işlər nazirləri ilə görüşlər keçirdirlər. Burada üçüncü bir tərəf yoxdur.
- Son olaraq diqqətinizi Ukraynada baş verən proseslərə yönəltmək istərdim. Artıq rəsmi Moskva Krımın Rusiyanın tərkibinə qatıldığını bildirib. Amma ABŞ tərəfi bununla barışmayaraq Rusiyaya qarşı tədbirlər görmək iddiasındadır. Bütün bu proseslərin Azərbaycana təsir imkanları nə dərəcədədir?
- Ümumiyyətlə, Ukraynada baş verən hadisələrlə bağlı Azərbaycanın rəsmi mövqeyi bəllidir. Biz dəfələlərlə bəyan etmişik ki, BMT-nin bütün üzv ölkələrinin ərazi bütövlüyünü və suverənliyini hər zaman dəstəkləmişik. Çünki ərazi bütövlük və suverənlik prinsiplərinin dəstəyinə dair Azərbaycan bütün beynəlxalq təşkilatlarda müxtəlif tribunalardan mesajlar səsləndirib. Regionda gedən proseslərə gəldikdə isə deyə bilərəm ki, bu gün Azərbaycan regionun ən önəmli aparıcı ölkələrindən biridir. Bu gün biz dünyanın müxətlif təşkilatları, ölkələri tərəfindən Azərbaycanın ünvanına səslənən mesajları eşidir və görürük. Bu gün ölkəmizin beynəlxalq arenada nə qədər önəmli bir aktora çevrilməsinin də şahidi oluruq. Azərbaycanın bu gün həyata keçirdiyi balanslı, çoxşaxəli və ən önəmlisi müstəqil xarici siyasəti onu göstərdi ki, ölkəmiz beynəlxalq ictimaiyyətin gözündə etibarlı bir tərəfdaşa çevrilib. Bizim xarici siyasətimizdə ən önəmli deviz qalib-qalib devizidir. Bizim başlıca məqsədimiz regionun inkişafına yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB