Siyasi şərhçi: “Bu problem uzun müddətdir ki, region dövlətlərini narahat edir” AÇIQLAMA
"Son dövrdə dünyada və regionda baş verən hadisələrin kontekstində keçirilən toplantı kifayət qədər diqqəti cəlb edir". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli martın 25-də Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə Təhlükəsizliyi Sammitinin əhəmiyyətindən danışarkən deyib.
Siyasi şərhçinin sözlərinə görə, III Nüvə Təhlükəsizliyi Sammitində mühüm qərarlar qəbul olundu: "Bütövlükdə Azərbaycanın Nüvə Təhlükəsizliyi ilə bağlı həyata keçirilən beynəlxalq fəaliyyətdə iştirakı və bu fəaliyyətə öz töhvəsini verməsi kifayət qədər mühüm addımdır. Azərbaycanın bu istiqamətdə atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən də kifayət qədər yüksək dəyərləndirilir. Bu fikirlər ayrı-ayrı aparıcı siyasətçilərin dilindən, eyni zamanda Beynəlxalq Atom Enerjisi təşkilatlarının rəhbərlərinin dilindən də dəfələrlə səsləndirilib. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin III Nüvə Təhlükəsizliyi Sammitində keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər kifayət qədər yüksək qiymətləndirilməlidir və bütövlükdə ölkəmizin bu prosesdəki iştirakının daha da intensiv hal alacağından xəbər verir. Təbii ki, "Metsamor" atom elektrik stansiyasının yaratdığı təhlükə ilə bağlı Azərbaycan mütəmadi olaraq dilə gətirdiyi fikirlər artıq beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etməkdədir. Əslində yaranmış bu problem uzun müddətdir ki, region dövlətlərini narahat edir.
Bu məsələ ilə bağlı Azərbaycan və Türkiyə aktiv şəkildə öz fikirlərini dilə gətirsələr də, təhlükənin bütövlükdə region üçün ciddi problemlər yaradacağını söyləsələr də çox təəssüf ki, digər region dövlətləri eyni mövqeni sərgiləmirlər. Ancaq bütün reallıq göz önündədir. Beynəlxalq Atom Enerjisi agentliyinin Ermənistanda apardığı tədqiqatların da nəticəsi sübuta yetirir ki, AES-in fəaliyyət göstərməsi həddən artıq təhlükəlidir. Düşünürəm ki, mühüm bir toplantı çərçivəsində yaranmış mövcud problemin dilə gətirilməsi və müzakirəyə çıxarılması çox önəmli addımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB