Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim ediblər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik ediblər.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar.
Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.
Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğurub. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər.
Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.
Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlətimizin başçısı ilə yumurta döyüşdürüblər.
Daha sonra dövlətimizin başçısı və xanımı bayram konsertinə baxıblar.
Milli Parkda təşkil edilən "Şərq bazarı" bayram şənliyinə xüsusi çalar qatıb. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanan sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstəriblər.
Dövlətimizin başçısı və xanımı zorxana güləşçiləri ilə xatirə şəkli çəkdiriblər.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva burada nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar.
Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıblar. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyiblər, qədim el sənətlərinin nümunələrinə baxıblar.
Dövlətimizin başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilən sərgisi ilə tanış olublar. Müxtəlif rayonlardan gətirilən Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurub.
Prezident və xanımı bayram şənliyində nümayiş etdirilən "Bakı-2015" Birinci Avropa Oyunları ilə bağlı təqdimata baxıblar, idmanın müxtəlif növləri üzrə idmançıların çıxışlarını izləyiblər.
Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxan Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB