Nazirin yeni müavinləri təyin olundu

Nazirin yeni müavinləri təyin olundu

Prezident İlham Əliyevin sərəncamı ilə Niyazi Səfərov, Sevinc Həsənova, Sahib Məmmədov və Sahil Babayev iqtisadiyyat və sənaye nazirinin müavinləri təyin ediliblər. SİA-nın məlumata görə, Niyazi Səfərov və Sevinc Həsənova bundan öncə iqtisadi inkişaf nazirinin müavini olublar.

Sahib Məmmədov 2000-ci ildə Kiyev Dövlət Universitetində "Beynəlxalq hüquq" fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə Belçikada Avropa Məsləhətçilər Təşkilatında Avropa Birliyinin TACIS Proqramında köməkçi kimi başlayıb. 2002-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert, 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində informasiya üzrə məsul şəxs, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyi regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. Azərbaycan prezidentinin 13 mart 2014-cü il tarixli sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.

Sahil Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur. 1999-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkəti Xarici sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. 2006-2009-cu illərdə Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyi xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. Dövlət başçısının 13 mart 2014-cü il tarixli sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin olunub. Ailəlidir.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin əsasında yaradılan İqtisadiyyat və Sənaye Nazirliyinin Əsasnaməsinə görə, iqtisadiyyat və sənaye nazirinin 5 müavini olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə