Müxalifətin "pusu" oyunları

Keçən həftə "Azadlıq" qəzetində bir məqalə dərc olunmuşdu, səhv etmirəmsə elə "Düşüncə Mərkəzi" ilə bağlı kiminsə münasibəti yer almışdı məqalədə. "Düşüncə Mərkəzi"nin Dədə Qorquda nə dəxli var bilmirəm, amma məqalədə Dədə Qorqudu "D.Qorqud" kimi yazmışdılar. Təəccüblənməyin... İndi bunu yazan şəxs, türklər demişkən, "hansı dərənin müxbiri"dirsə, ya babamızın adını yazanda tələsib, ya da elə qandığı bu qədərdir. Sözüm bunda deyil.

İsa Qəmbərin min cəhdi-şücaəti ilə ərsəyə gətirilməyə hazırlanan "Düşüncə Mərkəzi" barədə kimin rəyini öyərnirsən, hamısı bir ağızdan deyir ki, "düşüncəsizlər mərkəzi".

Axır ki, mənə də Nərimanov parkında yerləşən çayxanada soda qoxuyan çaydan dadmaq qismət oldu, bir tərəfdən də, Allah kəssin belə qisməti. Avstraliya zürafələri kimi ayaqları uzanıb parkın o biri başına çatan masanın o biri tərəfində oturan Müsavatçı tanış mənim bütün siyasi biliklərimi "korzinaya" tullamağa çalışırdı. Dedi ki, bu "Düşüncə Mərkəzi" Misirdəki İslam qardaşlarına çox bənzəyir. Niyəsini soruşmamış mənə üzündə Pənah Hüseyn jesti, Hafiz Hacıyev tənəsi və İsa Qəmbər təkəbbürü ilə bir cümlə dedi: "İslam qardaşları 60 il mübarizə aparıb axırda məqsədlərinə nail oldular, düşünürəm ki, hələ 20 ildir ki, biz mübarizə aparırıq". Açığı, hələ bu zırpılıqda və bu biçimdə bir cümlə eşitməmişdim. Bunlar hələ 40 il də əvvəli-axırı bilinməyən yolda yürümək istəyirlər.

Hər həftənin beşinci günü "Araz" kafesində xüsusi bir hal yaşanır. Bilməyən, tanımayan olsa, deyərlər ki, vallah bunlar dünyanın çertyojunu cızırlar. Dördüncü gün gecə "Kurtlar vadisi pusu" serilına baxıb, səhər tezdən də qoğalla bir stəkan çay içib "Araz" kafesinə şütüyən müxalifətçilər yolu da Polad Ələmdar, Tapınaqçı, Məmati, və Keyn zəhmi və əzəməti ilə yeriyirlər. Polisin hünəri varsa, maşın yolundan keçən piyada müxalifətçini saxlasın. Elə bu dəmdə zalım uşağı başlayır: "Sizin də çoxunuz qalmayıb, yakacam hamınızı". Bu serialın təsiridir. Elə ki, gördü polis hərf deyil, əlini atır ciblərinə, hər cibindən bir diktofon çıxarıb polisin ənginə vurur. Nə isə, sözümü hardan hara gətirdim, qayıdaq "Düşüncə Mərkəzi"nə.

Xaricdə belə mərkəzlər var, onlara "beyin mərkəzləri" deyirlər. Bizimkilər guya bombadılar, "beyin" sözündən də xoşları gəlməyib, "düşüncə"ni tapıblar. Amma məsələ başqa şeydədir, fərq bundadır ki, xaricdə bu tip qurumlarda normal şəxslər təmsil olunur, digər tərəfdən, onlara dövlət ciddi şəkildə dəstək verir. Həmin qurum isə, yalnız milli maraqlara xidmət edir, ölkə və regionla bağlı daha çox analitik işlər aparır, təkliflər verir və ciddi nəticə əldə edirlər. Amma bizimki tamam başqa şeydir, Allah bilir İsa Qəmbər yenə də hansı "boevik" filmə baxıb belə bir qurum yaradır. Görün, heç Həsən Kərimov bir dənə də olsun ciddi bir şey danışır? Yox. Xəstələnib, amma eşitdiyimə görə, evdə də, çöldə də "Tom və Cerri"dən başqa bir nəsnəyə baxmaz.

Vay o günə ki, müxalifət liderləri "Muhteşem yüz yıl"a baxalar. O zaman gəlhagəl, vurhavur olacaq.

Samir

Bütün xəbərlər Facebook səhifəmizdə