Nizami Cəfərov: "Əkrəm Əylislinin namizədliyini irəli sürənlər, onun taylarıdır"
"Əkrəm Əylislinin yazdığı biədəb əsərə görə heç kim onu Nobel sülh mükafatına namizəd kimi göstərə bilməz. Axı onun əsəri mükafata layiq deyil! Nəinki layiq deyil, hətta biədəb əsərdir. Görünür, onun namizədliyini irəli sürən ictimai xadimlər də, elə Əkrəm Əylislinin tayıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov dünyanın bir sıra ictimai xadimlərinin Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd kimi göstərməsinə münasibət bildirərkən deyib.
Komitə sədrinin sözlərinə görə, həmin ictimai xadimlər sadəcə özlərindən oyun çıxardırlar: "Onlar bu hərəkətləri ilə su bulandırmaqdan başqa heç nə etmirlər. Əsər nə səviyyədədirsə, onun namizədliyini irəli sürənlər də, elə o səviyyədədirlər".
İctimai xadimlər arasında azərbaycanlı klassik filologiya və fəlsəfə doktoru Gasan Guseinovun (Həsən Hüseynov) yer almasına gəlincə Nizami Cəfərov qeyd edib ki, görünür o da elə onların tayıdır: "Əsər heç üzə çıxarılası deyil, qaldı ki, hər hansı bir mükafata layiq görülsün! Elə insanlara heç vaxt mükafat verilməz. Bu addımın özü gülüncdür".
Qeyd edək ki, dünyanın bir sıra ictimai xadimləri azərbaycanlı yazıçı Əkrəm Əylislini 2014-cü il Nobel sülh mükafatına namizəd göstəriblər. Norveç Nobel Komitəsinə ünvanlanan müraciətdə Ə. Əylislinin "Azərbaycan və Ermənistan xalqları arasındakı düşmənçiliyin aradan qaldırılmasında mərdlik göstərdiyi" vurğulanır. Müraciəti imzalayanlar arasında yer alan Həsən Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Hüseynovun oğludur.
Xatırladaq ki, 2012-ci ilin dekabrında Əkrəm Əylisli "Daş yuxular" romanını nəşr edib. Romanda ermənilərə qarşı törədilən qırğınlardan bəhs olunur. Yazıçı bu romanı 2006-cı ildə yazdığını söyləyib. Roman yayıldıqdan sonra Ə. Əylisli "Azərbaycanın xalq yazıçısı" adından və fəxri təqaüddən məhrum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB