Ermənistanın News.am saytı: “Ermənistana gələn turistlər amansızlıqla qətlə yetirilir”

"Ermənistana gələn turistlər amansızlıqla qətlə yetirilir". Bu haqda SİA Ermənistanın News.am saytına istinadən xəbər verir. Məlumata əsasən Hindistandan Ermənistana turist qismində gələn 28 yaşlı Denişa Babu qətlə yetirilib. Ermənistanın hüquq mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində məlum olub ki, Hindistan vətəndaşı İrəvanın Nor Areşe məhəlləsində kirayə tutduğu evdə Ermənistan vətəndaşı olan 24 yaşlı Astxik Ağacanyan adlı xanıma evlənmə təklifi edib. Sözügedən xanım təklifi qəbul etmədiyinə görə Denişa Babu xanıma çoxsaylı bıçaq xəsarətləri endirib və onu qətlə yetirdiyini düşünərək, öz boğazını kəsərək intihar edib.

Faktla bağlı Ermənistanın cinayət məcəlləsinin 34-104-cü maddələrinə əsasən cinayət işi açılıb.

Lakin Ermənistanın News.am saytının redaksiyasına zəng vuran mərhum Hindistan vətəndaşı Denişa Babunun qardaşı Denişa Manoj bildirib ki, qardaşının özünü öldürməsi heç vaxt ola bilməz: "Onun intihar etməsi absurddur. O, bura iş üçün gəlmişdi. Mənim qardaşımı öldürüblər".

Ülkər Musazadə

Bütün xəbərlər Facebook səhifəmizdə