"Kiminsə siyasi baxışlarına görə fəaliyyətini tənqid hədəfinə çevirmək, ona ləkə yaxmaq bu gün Qərbdə geniş istifadə edilən çirkin siyasi texnologiyalardan biri sayılır". Bu fikirləri SİA-ya YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə son günlərdə ölkənin bir sıra tanınmış ictimai-siyasi xadimlərinə, millət vəkillərinə qarşı irəli sürülən "təriqətçilik" ittihamlarına münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, o, bu kimi "fəndlərin" Azərbaycana ayaq açmasını təəssüflə qarşılayır: "Xüsusilə, siyasi arenada qəti mövqeləri ilə seçilən, ictimaiyyətdə xüsusi nüfuza sahib olan ziyalıları, parlamentin deputatlarını bu ad altında ittiham etməyə çalışırlar. Bu zaman ittiham edənlər deyil, ittiham olunanlar özlərini təmizə çıxarmağa çalışırlar. İctimaiyyət bu cür lazımsız müzakirələrin və münasibətlərin şahidi olur".
"Burada əsas maraq adları çəkilən insanları ictimaiyyətin gözündən salmaq, ictimai rəydə aşağlamaqdır" - deyə vurğulayan Aydın Mirzəzadə həmçinin qeyd edib ki, bunun arxasında ya ölkə daxilində onlara müxalif olan insanlar, ya da müəyyən xarici dairələr dayanır. Belə ki, bununla da onlar ölkəmizdə fəaliyyət göstərən qüsurlu elita təsəvvürü yaratmaq istəyirlər.
Aydın Mirzəzadə onu da vurğulayıb ki, Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edən bir ölkədir: "Dövlətimizin qazandığı naliyyətlər xaricdəki müəyyən dairələrin xoşuna gəlmir. Ona görə də, ya Azərbaycanda müəyyən müxalif qrupların və yaxud da ki, "müstəqil mənbə" adı ilə inamsızlıq, qorxu yaratmaqla onları təmsil edən insanların qüsurlu olması haqqında şayiələr yayırlar. Ona görə də bu lazımsız polemikaya getmək, özünün təqsirsiz olduğunu sübuta yetirməyə çalışmaq lazım deyildi. Çünki adları hallandırılan insanlar kifayət qədər vətənpərvər, əqidəli, demokratik düşüncəli siyasətçilərdir. Onlara bu cür ittihamlar heç bir halda yaraşmır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB