Nağdəli Zamanov: “Bu qərar əhalinin sağlamlığının qorunmasına xidmət edir”

Nağdəli Zamanov: “Bu qərar əhalinin sağlamlığının qorunmasına xidmət edir”

ATU-nin dosenti Nağdəli Zamanovun SƏS TV-yə müsahibəsi

- Ölkə başçısının əhalinin pulsuz müayinəsi ilə bağlı tövsiyələrini əhali eləcə də səhiyyə işçiləri necə qiymətləndirir?

- Cənab Prezident İlham Əliyevin əhalinin pulsuz tibbi xidmətdən istifadə etməsi ilə bağlı verdiyi qərar birmənalı olaraq həm əhali, həm də səhiyyə işçiləri müsbət qarşıladı. İki ay müddət ərzində səhiyyə işçiləri əhalinin sağlamlığı üçün səfərbər olunacaq. Bir sıra rayonlarda artıq bu istiqamətdə tədbirlər gücləndirilib. Ümumiyyətlə, bu kimi tədbirlərin geniş şəkildə keçirilməsinə ehtiyac var.

- Ümumilikdə, bu prosses necə və hansı formada həyata keçirilir?

- Keçmiş Sovetlər dönəmində də tibb işçiləri əhalinin kütləvi şəkildə müayinədən keçirilməsini gündəmdə saxlayırdı. İnsanlar içərisində kütləvi olaraq müayinələr apararaq xəstəliklərin qarşısı alınırdı. Hazırda bu işlərin yenidən bərpa olunması hər kəs tərəfindən alqışla qarşılanır. İnsanlar poliklinikalara, xəstəxanalara gedərək pulsuz müayinədən keçirlər. Həkimlər onların bütün şikayətlərini dinləyir və ona uyğun şəkildə müalicənin aparılmasını məsləhət görürlər. Əgər pasiyentdə hər hansı bir xəstəlik aşkarlanarsa onun dərhal aradan qaldırılması üçün yüksək ixtisaslı həkimlər bu işdə öz yardımlarını göstərirlər. Bu da onu göstərir ki, ölkə başçısı İlham Əliyevin bu istiqamətdə verdiyi qərar əhalinin sağlamlığının qorunmasına xidmət edir.

- Bu kimi tövsiyəni əhalinin sağlamlığına göstərilən diqqət və qayğı kimi dəyərləndirə bilərikmi?

- Dövlət başçısının ölkənin bütün sahələrinə olduğu kimi səhiyyəyə də diqqət və qayğısı danılmazdır. Səhiyyə ocaqlarının yenidən qurulması, eyni zamanda bir sıra yeni xəstəxanaların tikilməsi bunun bariz nümunəsidir. Xəstəxanalar maddi texniki baza ilə təmin olunurlar. Azərbaycan Tibb Universitetində 2010-cu ildə Tədris Terapevtik Klinikanın açılması, 2013-cü ildə Tədris Cərahiyyə Klinikasının tələbələrin ixtiyarına verilməsi onu deməyə əsas verir ki, səhiyyəyə diqqət hər zaman dövlətin prioritet istiqamətlərindəndir. Söz yox ki, biz tibb işçiləri də dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşmişik və Onun siyasətini dəstəkləyirik.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə