Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTac) Naxçıvan Muxtar Respublikasında (MR) Bürosu yaradılıb. Bu barədə SİA-ya AzərTAc-ın Baş direktorunun müavini Dağbəyi İsmayılov deyib.
D.İsmayılov bildirib ki, yeni yaradılan büro hələlik iki ştatdan ibarətdir: "Artıq büronun heyəti də formalaşdırılıb. Belə ki, AzərTAc-ın İrandakı xüsusi müxbiri Sabir Hacıyev (Şahtaxtı) Naxçıvan bürosuna rəhbər vəzifəsinə təyin olunub. Büronun xüsusi müxbiri isə Tural Ağayev (Kəngərli) olacaq".
D.İsmayılov qeyd edib ki, büronun yaradılmasında əsas məqsəd blokada şəraitində olan Naxçıvan MR-dan informasiyaları dünyaya daha geniş yaymaqdır: "Düşünürəm ki, Naxçıvanla bağlı təbliğat işini, o cümlədən xəbərləri dünyaya daha geniş çatdırmaqda büronun böyük faydası olacaq".
Baş direktorun müavini onu da bildirib ki, AzərTAc-ın İrandakı xüsusi müxbiri Sabir Hacıyevin (Şahtaxtı) bu ölkədəki fəaliyyəti öz istəyi uzadılmadı: "Biz bürolara rəhbər təyin olunan şəxslərlə bir neçə il müddətinə müqavilələr bağlayırıq. Sonradan həmin şəxsin istəyi ilə onun fəaliyyət müddəti ya uzadılır ya da başqa bir yerə təyinat verilir. Sabir Hacıyev İranda uzun müdət çalışdığını və artıq yorulduğunu bildirdi. Bizdə onu yeni yaradılan Naxçıvan bürosuna rəhbər təyin etmişik. Yəni Sabir Hacıyevin İran bürosundan Naxçıvan bürosuna dəyişdirilməsi rotasiya qaydalarına uyğun olaraq aparılıb".
Haşiyə: Sabir Həbib oğlu Hacıyev (Şahtaxtı) 1968-ci ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
Yaradıcılığa məktəb illərindən başlayan yazıçı-publisistin ilk bədii (foklor) materialları 1983-cü ildə AZTV-nin məşhur "Ozan" verilişində səsləndirilmişdir.
1998-2001-ci illərdə "Səs" qəzetində çalışan Sabir Şahtaxtı 2002-ci ildən fəaliyyətini AzərTAc-da davam etdirmiş, 2007-2014-cü ilərdə AzərTAc-ın və AzTV-nin İrandakı rəsmi nümayəndəsi işləmişdir. 2014-cü ilin fevralında AzərTAc-ın Naxçıvan nümayəndəliyinin rəhbəri təyin olunmuşdur.
On beş bədii və elmi kitab, çoxsaylı elmi və yüzlərlə publisist məqalə və oçerklərin müəllifidir. Rusiya, Gürcüstan, Ukrayna və İranda fars, ingilis və rus dillərində kitab və məqalələri dərc olunmuşdur.
Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə "Tərəqqi" medalına layiq görülmüşdür. "Böyük Çin səddi erməni terrorizminin hədəfində" kitabı Milli Təhlükəsizlik Nazirliyinin diplomu ilə təltif olunmuşdur.
Siyasi elmlər üzrə fəlsəfə doktoru olan həmkarımız Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir, üç övladı var.
"Səs" qəzeti və SİA-nın kollektivi həmkarımıza möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB