Vüqar Rəhimzadə: "Xədicə İsmayılovanın özü görəsən kimə işləyir?

“O ancaq anti-Azərbaycan, ermənipərəst dairələrə xidmət edir”
Vüqar Rəhimzadə: "Xədicə İsmayılovanın özü görəsən kimə işləyir?

YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin Səs TV-yə müsahibəsi

- Vüqar müəllim "Sərhədsiz reportyorlar" təşkilatı "Dünyada mətbuat azadlığı indeksi" adlanan hesabatında Azərbaycanda mətbuatın durumunun qənaətbəxş olmadığını qeyd edib. Təşkilatın qərəzli mövqeyi nədən qaynaqlanır?

- "Sərhədsiz repartyorlar" və buna oxşar bəzi beynəlxalq təşkilatlar yalnız məqsədli, ikili standartlara uyğun fəaliyyət göstərən təşkilatlardır. Bu baxımdan onların mövqeyi birmənalı şəkildə qərəzlidir, qeyri-obyektivdir və subyektiv fikirlərə söykənir. Bəzi "beynəlxalq təşkilatlar" yalnız və yalnız ermənipərəst qüvvələrin əlində bir alət olaraq Azərbaycana qarşı çirkin niyyətlər sərgiləməklə məşuldurlar. Bir sözlə, kimlərinsə fikirlərini özündə ehtiva edən hesabat Azərbaycan dövlətinə təsir göstərmək üçün alət rolunu oynayır. "Sərhədsiz reportyorlar" təşkilatının ölkəmizi fikir və söz azadlığına görə axırıncı yerlərdə qeyd etməsi kimliyindən asılı olmayaraq bütün vətəndaşlarımız tərəfindən qətiyyətlə pislənilir. Onların hər cəhətdən mövqeyinin qərəzli olması açıq-aydın görünür. Bu gün müstəqil Azərbaycana hər hansı bir beynəlxalq təşkilatın təsir göstərməsi mümkün deyil. Çünki ölkəmiz iqtisadi gücünə, siyasi çəkisinə görə təkcə regionda deyil, artıq dünyada söz sahibinə çevrilib.

- Xaosun, anarxiyanın hökm sürdüyü, mərkəzi hakimiyyətin zəif olduğu, insan haqlarının kobud şəkildə, addımbaşı pozulduğu Əfqanıstanın siyahıda 128-ci, iqtisadi tənəzzüldən yaxa qurtara bilməyən və siyasi proseslərin gərgin olduğu, söz azadlığının məhdudlaşdırıldığı Ermənistanın 78-ci, iqtisadi inkişaf tempinə görə dünyada lider olan, sözə və mətbuata yaradılmış münbit şəraitin dünyaya nümunə olan Azərbaycanı isə 160-cı yerdə qeyd etmək sizcə anormallıqdan xəbər vermirmi?

- Təbii ki, bu anormal fikri özündə ehtiva edən bir mövqedir. Dünya Ermənistanda gedən mənfi prosesləri pislədiyi halda bu ölkənin Azərbaycandan əvvəlki yerdə qeyd edilməsinə qərəzdən başqa bir ad vermək mümkün deyil. Müstəqil fikri olmayan Ermənistanda hansı mətbuat və fikir azadlığından söz gedə bilər? Azərbaycanı sonuncu yerlərdən birində qərarlaşdırmaq o insanların fərziyyəsindən xəbər verir. Bu gün Azərbaycanda mətbuat və söz azadlığı kifayət qədər mövcuddur. Mətbuatın inkişaf etdirilməsi üçün hökümət tərəfindən mühüm qərarlar qəbul edilib. İlk dəfə MDB məkanında mətbautda senzuranın aradan qaldırılması Ulu Öndər Heydər Əliyevin qərarı ilə Azərbaycanda həyata keçirilib. Parlamentdə kütləvi informasiya vasitələri ilə bağlı qanun qəbul edilib. Dövlət tərəfindən jurnalistlərə mənzillərin verilməsi bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. Dünyanın heç bir yerində jurnalistlər dövlət tərəfindən bu cür qəymətləndirilməyib. Ölkəmizdə kütləvi informasiya vasitələri ilə bağlı hər hansı bir dövlət nəzarət mexanizmi mövcud deyil. Bütün mətbuat orqanları tam müstəqil, sərbəst şəkildə öz fikrini ifadə etmək hüququna malikdir. Ona görə Azərbaycanı bu cür qiymətləndirmək haqsızlıqdır. Azərbaycanda uğurlu işləri görməmək korluqdan, karlıqdan irəli gəlir.

- Qeyd etdiniz ki, Azərbaycanda mətbuat inkişaf edir. Ölkəmizdə tanınmış qəzetin baş redaktoru olaraq radikal mövqedən çıxış edən jurnalistlərə nə tövsüyyə edərdiniz?

- Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə kifayət qədər sözünü deyə bilən mətbu orqanlar yarandı, müstəqil jurnalistika formalaşdı. Hazırda sözün həqiqi mənasında əsl sözə, əsl fikrə hörmət edən, dövlətin milli maraqlarına xidmət edən mətbu orqanlarla yanaşı, yanaşma tərzinə görə qeyri-obyektiv, qərəzli mövqedən çıxış edən mətbu orqanlar da mövcuddur. Düşünürəm ki, zaman-zaman bu kimi mətbu orqanlar oxucular tərəfindən öz qiymətini alacaqlar. Mətbuat Şurasının üzvü, Mətbuat Şurasında Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının rəhbəri kimi hesab edirəm ki, bu kimi halların qarşısı alınmalıdır. İnsanlara şər-böhtan atan, qeyri-peşəkar, qeyri-obyektiv "jurnalistlər" bu sahədən uzaqlaşdırılmalıdır. Bu jurnalistlər gec-tez öz yerlərini tutmalıdırlar. Mətbuat Şurası yarandığı gündən bu cür mənfi tendesiyaların aradan qaldırılması istiqamətində bir sıra uğurlu nəticələr əldə edib. Qara siyahıya düşən jurnalistlər və onların işlədiyi mətbu orqanlar fərdi yazı müsabiqələrindən kənarlaşdırılırlar. Bu, həm də bəzi insanlara müəyyən təsir vasitəsidir. Bu baxımdan, Mətbuat Şurasına daxil olan şikayətlərin sayı azalmaqdadır.

- Yeri gəlmişkən özünü jurnalist hesab edən Xədicə İsmayılovanın ABŞ-a "casus siyahısı" göndərməsi nədən xəbər verir?

- Əvvəla Xədicə İsmayılovanın kimliyi haqqında düşünmək lazımdır. ABŞ-ın hansısa dairələri onun hazırladığı siyahını ciddi qəbul edirsə bu təəssüfləndiricidir. Siyasi areanada olan insanları hökümətə işləməkdə ittiham edən bu insanın özü görəsən kimə işləyir? O ancaq anti-Azərbaycan, ermənipərəst dairələrə xidmət edir. Onun mənəviyyatı, insanlığı, fəaliyyəti göz önündədir. Özünü çoxdan ifşa etmiş insandır. Belə bir adamın nə sözünün kəsəri, nə də şəxsiyyəti olmur. Onun tərtib etdiyi siyahının nədən xəbər verdiyi aydındır.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə