"El" Hərəkatı ilə Milli Şura arasında yaşanan qalmaqal getdikcə daha da böyüməkdədir. Söz atışmaları artıq tərəflərin bir-birlərinin daha ciddi və çərçivələri aşan ittihamları ilə əvəzlənməkdədir. SİA-nın məlumatına görə, Milli Şuranın sədri Cəmil Həsənli "Azadlıq" qəzetinə verdiyi müsahibəsində "El" Hərəkatının sədri Eldar Namazovu, hərəkatın İdarə Heyətinin üzvü Köçəri Nağıbəylini, eləcə də digər funksionerlərini sərt ifadələrlə ittiham edib. O, Eldar Namazovu regionçuluqda, intriqaçılıqda və yalançılıqda suçlayıb.
"XXI əsrdə region söhbəti etmək, region təmsilçisi kimi siyasi səhnəyə çıxmaq doğrudan da iyrənc və eyib məsələdir" - deyə fikir bildirən Cəmil Həsənli eyni zamanda bildirib ki, Eldar Namazov intriqa ustası və yalan vədlər peşəkarıdır. Milli Şura sədri bütün bunlarla yanaşı müsahibəsində Namazovu iyrənc siyasət yürütməkdə və prinsipsizlikdə də günahlandırıb: "Ən iyrənc və eyib məsələ insanın prinsipsizliyidir".
Cəmil Həsənli digər "El" funksioneri Köçəri Nağıbəylini də regionçuluqda ittiham etsə də qarşı tərəf Milli Şura sədrinin ittihamlarına dərhal reaksiya verib. Apa.az vasitəsilə Milli Şura sədrinə qarşı daha sərt ittihamlarda bulunan Nağıbəyli onu əqidəsiz adlandırıb: "Mən əqidəmi dəyişib deputatlığa satılmamışam, kimlərəsə kitab yazmamışam..."
Köçəri Nağıbəyli eyni zamanda Cəmil Həsənlini kişiyə yaraşmayan hərək etdiyini də iddia edib: "Mən iradlarımı Cəmil Həsənlinin üzünə demişəm. İki kişinin arasında olan söhbət kənara çıxmaz…"
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB