İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair sənəd qəbul ediləcək
İspaniya parlamentində Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Emrənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı sənəd qəbul ediləcək. SİA-nın xəbərinə görə, bunu Milli Məclisdə keçirilən mətbuat konfransında İspaniya parlamentinin üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun rəhbəri Xose Mariya Çikoyo deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı indiyə qədər Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı beynəlxalq təşkilatlarda və bir sıra ölkələrdə qəbul olunmuş sənədlər əldə edilib və o sənədlərlə tanış olacaqlar: "Biz ölkəmizə qayıdan kimi parlamentdə Azərbaycanın işğal olunmuş torpaqları, Xocalı soyqırımı ilə bağlı eyni sənədlərin qəbul olunması üçün işə başlayacağıq. Əminəm ki, İspaniya Krallığı qardaş Azərbaycanın haqq səsinin tanınması üçün bu sənədlərin qəbulu üçün lazımı dəstəyi göstərəcək və biz də eyni sənədləri qəbul edə biləcəyik".
İspan deputat qeyd edib ki, bütün sahələrdə olduğu kimi, Dağlıq Qarabağ məsələsində də Azərbaycanla hər cür əməkdaşlığa və yardıma hazırdırlar: "Bununla bağlı BMT-nin 4 qətnaməsi var və 20 ildir ki, bu qətnamələrə əməl olunmur. Biz İspaniya dövləti olaraq bu qətnamələrə əməl olunması üçün əlimizdən nə gəlirsə, onu edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB