İsveçrə Azərbaycanı dost və tərəfdaş ölkə hesab edir

İsveçrə Azərbaycanı dost və tərəfdaş ölkə hesab edir

Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı İsveçrə Federal Parlamentinin aşağı palatası - Milli Şuranın sədri Ruedi Lustenberqer ilə görüşüb.
R.Lustenberqeri Milli Şuranın sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Ə.Zeynallı ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, eləcə də siyasi, iqtisadi, humanitar və mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Səfir Azərbaycan-İsveçrə münasibətlərinin inkişafında qanunverici orqanların roluna diqqəti cəlb edib, bu çərçivədə hər iki ölkə parlamentində təsis edilmiş dostluq qruplarının fəaliyyətini qeyd edib. Ə.Zeynallı bu ilin martında dostluq qrupunun Azərbaycandan olan üzvlərinin İsveçrəyə səfər edəcəyini söyləyib. Hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edən səfir ümidvar olduğunu bildirib ki, bu ənənə gələcəkdə də davam etdiriləcək.
R.Lustenberqer Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunda ənənəvi iştirakını məmnuniyyətlə vurğulayıb və bu səfərlərin iki ölkə arasında siyasi dialoqun davamlılığına töhfə verdiyini qeyd edib. İsveçrənin Azərbaycanı dost və tərəfdaş ölkə hesab etdiyini bildirən R.Lustenberqer əlaqələrin belə yüksək templə inkişafından məmnunluğunu bildirib.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hazırkı vəziyyət və İsveçrənin ATƏT-ə sədrliyi dövründə bu istiqamətdə ata biləcəyi addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə