Namik Axundov: “Hesab edirəm ki, bu davamlı şəkildə həyata keçirilməlidir” AÇIQLAMA

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyevin xüsusi olaraq "Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir" fikri bu gün sözün əsl mənasında uğurla yerinə yetirilir". Bunu SİA-ya Korrupsiyaya qarşı Mübarizə Fondunun prezidenti Namik Axundov deyib.

Onun sözlərinə görə, Korrupsiyaya qarşı Mübarizə Fondu da bu istiqamətdə lazımi işlərini qurub: "Biz regional zona üzrə keçirəcəyimiz müşavirədə də bu məsələləri müzakirə edəcəyik və tələb edəcəyik ki, heç kəs bu yola getməsin. Hətta cənab Prezident öz çıxışında birmənalı olaraq bildirdi ki, növbəti 5 ildə buna qarşı mübarizə daha da gücləndirilməlidir. Təbii ki, bizim Fond da öz üzərinə düşən işləri layiqincə yerinə yetirəcək. Biz gərək bu istiqamətdə elə bir addımlar ataq ki, başqalarının diqqətini cəlb edək. Hətta deyərdim ki, ötən illərə nisbətən korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması istiqamətində xeyli iş görülüb. Hesab edirəm ki, bu davamlı şəkildə həyata keçirilməlidir. Amma çox təəssüf edirəm ki, bəzi insanlarımız bunda daha çox maraqlıdır".

Qeyd edək ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev bir mənalı olaraq demişdi: "Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə ciddi şəkildə davam etdiriləcək. Azərbaycan dövləti korrupsiya və rüşvətxorluğun aradan qaldırılması üçün əlindən gələni edir. Korrupsiyaya qarşı sistem xarakterli tədbirlər görülür, islahatlar aparılır, eyni zamanda, inzibati metodlar tətbiq olunur. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməli, təmiz işləməli, təvazökar, işgüzar və vətənpərvər olmalı, rüşvət almamalı, özünü vətəndaşlardan üstün tutmamalı, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalı və Vətənə sadiq olmalıdır. Dövlət məmuru xalqın xidmətçisidir. Rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə