Spiker: "Suriyaya gedənlərin hamısını terrorçu adlandırmaq olmaz"

Spiker: "Suriyaya gedənlərin hamısını terrorçu adlandırmaq olmaz"

Milli Məclisin Yaz sessiyasının ilk plenar iclasında millət vəkili Zahid Oruc diqqəti azərbaycanlıların müxtəlif bəhanələr və din pərdəsi altında Suriyadakı münaqişəyə və hərbi əməliyyatlara cəlb edilməsinə yönəldib. SİA-nın xəbərinə görə, millət vəkili çıxışı zamanı qeyd edib ki, Azərbaycan müstəqilliyi ərzində ilk dəfədir ki, belə bir ciddi fakt qarşısında qalıb.

"Söhbət hər hansı bir ad altında bu döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşlarından gedir. Bunu təşkil edən qüvvələr, onu həyata keçirənlər sanki dünya legionerləri kimi döyüşçüləri müxtəlif ölkələrdən yığırlar. Azərbaycan bu məsələnin üzərindən sükutla keçə bilməz. Suriyaya gedənlər döyüşlərdə sağ qalsalar Azərbaycana dönəcəklər. Onlar əslində orada terror qruplarının tərkibindədirlər. Onlar artıq fərdi şəxslər deyillər. Bu şəbəkə sonrakı dövrdə də işləyəcək" – deyə Z.Oruc fikirlərinə əlavə edib.

Millət vəkilinin fikrincə, orada döyüşənlər fərdi olaraq tək öz ailələrinə zərbə vurmurlar: "Onlar həyatlarını itirirlərsə, bu faciə tək onların ailəsində olmur, həm də onların adları terrorçu qruplarda olduğuna görə, bu Azərbaycanın ayağına yazılır. Ona görə də, buna biganə qalmaq olmaz. Burada dini qruplar, ayrı-ayrı radikal dini təriqətlərin məsuliyyəti var. Təklif edirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Suriyada döyüşən Azərbaycan vətəndaşları haqqında mütləq şəkildə cinayət işi qaldırsın. Bu məsələnin qarşısını ala biləcək mexanizm məhz cinayət işidir. Bu insanlar bilməlidir ki, onlar bura qəhrəman kimi dönməyəcəklər. Vətənə qayıtdıqdan sonra orada gördükləri dəhşətləri Azərbaycanda tətbiq etmək istəyəcəklər. Bu qüvvələrin yükünü çəkmək çox çətin olacaq. Belə insanlara din, humanizm, güzəşt mövqeyindən yanaşılmasını deyil, məhz qanun prinsipindən yanaşılmasını təklif edirəm. Bununla əlaqədar qanuna da mütləq dəyişiklik edilməlidir".

Millət vəkili Fərəc Quliyev isə bildirib ki, bununla bağlı daha çox maarifləndirici, profilaktik tədbirlər görülməlidir: "Televiziyalarda mənasız verilişlərin yerinə, hərbi-vətənpərvərlik, maarifləndirici verilişlər verilməli, insanlar arasında təbliğat işləri yüksək səviyyədə aparılmalıdır".

O həmçinin deyib ki, Suriyaya gedənlərin adlarını istər muzdlu, istər başqa şey qoysaq da, onlar nəticədə Azərbaycanın vətəndaşlarıdır: "Onlar haqqında cəza tədbirləri seçməkdənsə, onları öz "kisəmizə" qaytarmalıyıq".

Məsələ ilə bağlı Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, məsələ çox ciddidir, amma ora döyüşməyə gedənlərin hamısını terrorçu adlandırmaq olmaz: "Əlbəttə, bunun qarşısını almaq lazımdır və bununla bağlı nə lazımdırsa, görüləcək. Muzdlu döyüşçülər təhlükəli və çətin məsələdir, bunun qarşısının alınması da çətindir. Amma məsələnin təhlükəliliyini nəzərə alaraq, lazımı addımlar atılacaq. Bizim də üzərimizə nə düşsə, onu da edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə