Bəxtiyar Nəbiyev: “Dövlət gənclər siyasətindən bəhrələnənlərdən biri də bizlərik” AÇIQLAMA
"Bir gənc olaraq ölkədə aparılan gənclər siyasətini çox yüksək qiymətləndirirəm. Gənc dövlət olmağımıza baxmayaraq ölkəmizdə gənclərə çox böyük önəm verilir və bu bizi çox sevindirir". Bu sözləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev açıqlamasında deyib.
Son bir neçə ildə ölkə başçısı tərəfindən gənclər siyasəti ilə bağlı verilən sərəncamları xatırladan birlik sədri söyləyib ki, bu sənədlər ölkədə aparılan uğurlu gənclər siyasətinin bariz nümunəsidir: "Bir təhsil müəssisəsinin işçisi kimi ölkə başçısı tərəfindən 5000-dən çox gəncin xaricdə təhsil alması ilə bağlı verilən sərəncam təqdirəlayiqdir. 5 min gəncin dünyanın aparıcı ali təhsil məktəblərində təhsil alması ölkəmiz və ölkə gəncləri üçün çox mühüm bir qərardır. Ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğısının digər göstəricisi istedadlı gənclər üçün təsis edilən mükafatdır. Belə ki, bu il 6 gənc bu mükafatla təltif olunacaq. Bütün bu addımlar ölkə gənclərinə böyük stimul verir".
B.Nəbiyev vurğulayıb ki, kiçik bir dövlət olmağımıza baxmayaraq çox güclüyük: "Bu gün ölkəmizdə istedadlı, savadlı gənclərimiz çoxdur. Həmin gənclər istər ölkə, istərsə də beynəlxalq tribunalarda ölkəmizi layiqli təmsil edirlər".
Birlik sədri həmçinin bildirib ki, dövlət gənclər siyasətinin bir qolunu Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi təşkil edir: "Bu gün YAP- ın 620 mindən çox üzvü var və onların da 40 faizi, rəqəmlə desək təqribən 250 mini gənclərdir. Biz gənclər ölkə başçısının ətrafında sıx birləşib, onun daxili və xarici siyasətini dəstəkləyirik. Dövlət gənclər siyasətindən bəhrələnənlərdən biri də bizlərik".
B.Nəbiyev həmçinin vurğulayıb ki, ölkədə gənclərlə bağlı günün təsis edilməsi də gənclərə verilən önəmin sübutudur: "Dünyada heç bir ölkədə belə bir gün yoxdur. Bu günə görə onu təsis edən Ulu Öndərin ruhu qarşısında baş əyirik. Bu gün münasibətilə bütün gəncləri ürəkdən təbrik edir, onlara işlərində təhsillərində və şəxsi həyatlarında uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB