Ötən həftənin sonlarında Milli Şuradan istefa verən Eldar Namazov qurumdan ayrılmasının səbəbini AXCP rəhbərliyinin pozuculuq fəaliyyəti ilə əlaqələndirib. SİA xəbər verir ki, Müsavat Partiyasına yaxınlığı ilə seçilən "Yeni Müsavat" qəzetinə silsilə müsahibələr verən Eldar Namazov Milli Şurada baş verən böhranın əsas səbəbləri barədə danışıb. "El" Hərəkatı sədrinin sözlərinə görə, birinci böhran Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxa bilməməsindən sonra yaranıb: "Rüstəm müəllimin namizədliyi məsələsi mümkün olmayacağı bilinəndə sessiyada cəmi 1 səs çoxluğu ilə seçkilərə vahid ehtiyat namizədlə gedilməsi haqqında qərar qəbul olundu".
Eldar Namazov həmin vaxtlar seçkilərə bir neçə namizədlə gedillməsinin tərəfdarı olduğunu bildirib və Müsavat Partiyasının da bu mövqedə olduğunu qeyd edib: "Mən Rüstəm müəllimin təklif elədiyi variantın, yəni seçkilərə bir neçə namizədlə gedilməsinin tərəfdarı idim. Müsavat Partiyası hər iki qərara səs verdi".
Bu arada Eldar Namazov daha bir pərdəarxası məqama toxunaraq AXCP-ni və partiya sədri Əli Kərimlini pozuculuqda ittiham edib: "Kənardan belə bir təsəvvür yaranmışdı ki, 5 partiya bir mövqedən çıxış edirdi, bir partiya başqa mövqedən. Nəzərdə tutduğum partiya AXCP-dir. Ancaq əslinə qalsa, məsələ tam fərqli idi. Hələ səsvermədən xeyli əvvəl artıq səslər elə bölünmüşdü ki, bir, ya da iki səs çoxluğu ilə qəbul edilən qərar Milli Şura üçün problem yaradacaqdı. Mən bunu öncədən təxmin etmişdim və müsahibələrimdə də bunu bildirmişdim. Elə də oldu... Həmin sessiya başa çatandan sonra bir sıra partiyalar bunu böyük narazılıqla qarşıladılar, dərhal sonra artıq müxtəlif bəyanatlar səsləndirərək bu qərarı qəbul etmədiklərini bildirirdilər. Ancaq onların etirazı qərarla bağlı deyildi, onların etirazı qərarın nə cür qəbul edilməsi ilə bağlı idi. İlk dəfə olaraq biz həmin prosesdə belə bir faktla qarşılaşdıq - AXCP dedi ki, əgər qərar bu cür qalsa, mən durub burdan gedirəm".
"El" sədri Əli Kərimlinin bu iddiasını digər partiyalar tərəfindən onlara qarşı təzyiq kimi qiymətləndirdiyini bildirib: "Digər partiyalar isə bildirdilər ki, qərarlar bu cür bizə təzyiq formasında qəbul olunursa, biz bunu qəbul etməyəcəyik. Həmin sessiya başa çatandan 10 dəqiqə sonra Müsavat başqanı İsa Qəmbərlə mən mətbuat konfransı keçirdik…".
Xatırladaq ki, bugünə qədər Milli Şuradan ayrı-ayrı fərdlərlə yanaşı, orada təmsil olunan partiya və siyasi qurumlar da istefaya gediblər. Qurumdan ayrılanlar öz bəyanatlarında Milli Şura daxilində monopoliya olduğunu əsas gətiriblər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB