"SƏS TV"də Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib

"SƏS TV"də Gənclər Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bu gün "SƏS TV"nin təşkilatçılığı ilə 2 fevral-Gənclər Gününə həsr olunan "Azərbaycan gəncliyi-daha uğurlu gələcəyə doğru" adı altında dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada millət vəkili Fuad Muradov, Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədr müavini Həbib Heydər, Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı iştirak ediblər.

Millət vəkili, İpək Yolu Gənclər Təşkilatının sədri Fuad Muradov çıxışında qeyd edib ki, Azərbaycanda 2 fevral - Gənclər Gününün qeyd edilməsi gənclərə olan dəstəyin nümunəsidir və gənclər siyasətinin əsası Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub: "Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş gənclər siyasətinin əsas məqsədi o idi ki, Azərbaycan gənci öz sözünü deyə bilsin və nailiyyətlər əldə etsin. Çünki inkişaf etmiş gənc dövlətə, ölkənin ümumi inkişafına öz töhfəsini verməlidir".

Ölkə gənclərinin bu istiqamətdə hər zaman öndə olduğunu deyən F.Muradov bu gün uğurlu gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: "Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət də onu göstərir ki, Azərbaycan gəncinin uğurları, nailiyyətləri bu siyasətin məntiqi nəticəsidir. Bunun nəticəsidir ki, fəaliyyət göstərən dövlət qurumları, gənclər təşkilatları, qeyri-hökümət təşkilatları daimi olaraq cəmiyyəti narahat edən məsələləri gündəmdə saxlayırlar".

Bu gün Azərbaycan gənclərinin bir neçə istiqamət üzrə uğur qazandığını deyən Fuad Muradov onu da bildirib ki, burada dövlətin müstəsna dəstəyi var: "Təbii ki, dövlətin dəstəyi qazanılan uğurlarda müstəsna rol oynayır. Ulu öndər tərəfindən əsası qoyulan gənclər siyasətinin məqsədi bu idi ki, Azərbaycan gənci öz sözünü deyə bilsin, xalqını təqdim etsin. Gənclərimiz artıq inkişaf ediblər və Avropaya inteqrasiyada ənəmiyyətli rol oynayırlar. Dövlətimiz bir sıra gənclər proqramı həyata keçirir. Bu da gənclərin inkişafına səbəb olur, onların intellektual potensialı yüksəlir".

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva isə öz növbəsində qeyd edib ki, Yeni Azərbaycan Partiyasının bu gün yüz mindən çox gənclər ordusu var: "Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ölkədən kənarda da fəaliyyətini genişləndirib".

Bu gün YAP gənclərinin Avropanın və Asiyanın ən böyük siyasi partiyaları ilə əməkdaşlıq etdiyini deyən Aytac Əliyeva eyni zamanda qeyd edib ki, gənclər beynəlxalq aləmdə bir çox hakim partiyaların gənclər qolları ilə sıx əlaqələr qururlar: "Azərbaycan gənci beynəlxalq konfranslarda uğurla çıxış edir, ölkəmizin nüfuzunu ən yüksək şəkildə təbliğ edir. Bu uğurlar ölkəmiz daxilində də inkişaf edir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə rəhbəri İlham Əliyev cənabları daim gənclərə diqqət və qayğısını göstərib, bu amilləri əsas faktor kimi dəyərləndirib".

Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov çıxışında vurğuladı ki, 2 fevral - Gənclər Günü həm də bir hesabat günüdür: "1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış struktur - Gənclər və İdman Nazirliyi olaraq bu il özünün 20 illiyini qeyd edəcək. Bu tarixin özü Azərbaycanda gəncliyə verilən qiymətin bariz göstəricisidir: "Gənclərimiz respublikanın aparıcı qüvvəsidir. Birmənalı olaraq demək olar ki, Azərbaycan gəncliyi təşkilatlanıb. Gənclərimiz milli kimliyinə və Azərbaycançılıq ideologiyasına sadiqdir və onu dərk edirlər. Azərbaycanda gənclər gününün keçirilməsi, Azərbaycanda "Gənclər ili"nin elan olunması bir çox dövlətlər tərəfindən nümunə kimi götürülür".

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı isə qeyd edib ki, Ümummilli lider Heydər Əliyev həmin tarixi əbədiləşdirərək 2 fevralın Gənclər günü kimi qeyd olunmasına sərəncam verib: "Hesab edirəm ki, gənclər haqqında yazılan kitablar, yaradılan hökümət və qeyri-hökümət təşkilatları gənclərin nəyə qadir olduğunu, onların istedadını, intellektini göstərir".

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova artıq bu gün Azərbaycan gəncliyinin Avropa gənclər təşkilatları ilə sıx əməkdaşlıq etdiyini xatırladıb və bildirib ki, beynəlxalq təşkilatlar da bu əməkdaşlıqda maraqlıdırlar.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov 2 fevral tarixinin Gənclər Günü kimi qeyd edilməsinin olduqca təqdirəlayiq bir hal olduğunu qeyd edib: "Gənclər Fondunun yaradılması və maliyyə dəstəyinin ayrılması daha çox işlərin tədbirlərin görülməsinə səbəb oldu. Həyat keçirilən bir sıra proqramlar, layihələr, tədbirlər əlbəttə ki, özündə bir hesabatlılığı nəzərdə tutur".

Qaçqın və Məcburi Köçkün Gənclər təşkilatının sədri Vüqar Qədirov da bildirib ki, 2 fevral - Gənclər Günü gənclərimiz üçün əhəmiyyətli tarixdir. Bu gün qaçqın və məcburi köçkün tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənildiyini deyən Vüqar Qədirov onu da vurğulayıb ki, bu uğurların əsasında məhz Ulu Öndər Heydər Əliyev siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davam prosesi dayanıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da öz növbəsində bildirib ki, 2 fevral - Gənclər Günü tarixi günlərdən biridir: "Bu gün gənclərin bayramıdır. Azərbaycan tarixi özünü bu gün xoşbəxt hiss etməlidir, çünki müstəqil demokratik bir dövlətdə yaşayır. Azərbaycan gənci artıq Avropaya inteqrasiya edib. Gənclər siyasəti gələcəyə yönəlmiş bir siyasətdir".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədr müavini Həbib Heydər də bildirib ki, ulu öndər Heydər Əliyevin 2 fevral tarixini gənclər günü kimi tariximizə yazması gənclərimizin inkişaf və tərəqqisində çox mühüm rol oynadı.

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov qeyd edib ki, Azərbaycan gənci öz biliyini daima genişləndirir: "Ölkə gənci hər zaman inkişafda olan özünü formalaşdıran bir gəncdir. Bu amili daha da inkişaf etdirmək üçün gənclər təşkilatları daima tədbirlər görür, işlər aparılır".

Dəyirmi masa diskussiya və maraqlı müzakirələrlə öz işini başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə