İntiqam Babayev: “2 il ərzində 10 Gənclər evi açılacaq” MÜSAHİBƏ

İntiqam Babayev: “2 il ərzində 10 Gənclər evi açılacaq” MÜSAHİBƏ

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin SİA-ya müsahibəsi

- Ölkəmizdə gənclər siyasəti ilə bağlı çox mühüm işlər görülür. Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı haqqında nə deyə bilərsiniz?

- Müstəqil Azərbaycan dövləti qurulduğu ilk gündən gənclər siyasətinə xüsusi önəm verilib. Ümummilli Lider Heydər Əliyev ölkəmizə prezident seçilməmişdən əvvəl bir qrup gənci o zaman Ali Sovetə topladı, onları dinlədi və fikir mübadiləsi apardı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra 1994-cü ildə ölkə tarixində ilk dəfə gənclər siyasətini tənzimləyən Gənclər və İdman Nazirliyi yaradıldı. Artıq o zamandan 20 il vaxt keçib. Bu illərdə ölkəmizdə kifayət qədər işlər görülüb, artıq təcrübəmiz var. Ulu Öndərin rəhbərliyi ilə aparılan siyasət nəticəsində ilk növbədə gənclərlə bağlı normativ hüquqi baza formalaşdı və gənclərlə bağlı ölkəmizdə forumlar keçirilməyə başlandı. Bu model nəinki Azərbaycanda, ümumiyyətlə dünyada ilk model idi. Ölkə rəhbərliyinin iştirakı ilə gənclərlə birgə canlı ünsiyyət meydançası yarandı, gənclər sərbəst şəkildə öz fikirlərini söylədilər. Həmin forumda "Gənclər Günü"nün təsis olunması ilə bağlı qərar qəbul olundu.

2007-ci il ölkə başçısı İlham Əliyev tərəfindən "Gənclər ili" elan olunub. Azərbaycan bu təşəbbüslə ilk çıxış edən ölkə olub. Ona görə ki, "Gənclər ili "MDB məkanında 2009-cu ildə, BMT tərəfindən isə dünyada 2010-cu ildə elan olunub. Bu gün Azərbaycanda istedadlı yaradıcı gənclərin aşkar edilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, gənclərin sosial inkişafının təmin edilməsi, onların ictimai həyatda fəal iştirakı üçün hər cür şərait yaradılır. Vətənpərvərlik tərbiyəsi və digər istiqamətlər üzrə ənənə halını almış bir çox maraqlı layihələr həyata keçirilir. Deyə bilərəm ki, son 10 il ərzində Gənclər və İdman Nazirliyi tərəfindən gənclərlə bağlı 1200-dən artıq layihə həyata keçirilib. Bura paytaxtda keçirilən ən iri, ən önəmli layihələr daxildir. Bu layihələrin 200-ə yaxını beynəlxalq səviyyəlidir. Bura ölkəmizdə keçirilən böyük statuslu sammitlərdən tutmuş, beynəlxalq dəyirmi masalar və digərləri daxildir. Hər il orta rəqəmlə götürsək, Azərbaycan gənclərinin beynəlxalq gənclərlə mübadilə proqramlarında 2000-ə yaxın gənc iştirak edir.

Bu gün bir neçə maraqlı mübadilə layihələrimiz var ki, onlardan biri "Mən Azərbaycan haqqında nə bilirəm?" layihəsidir. Bu müsabiqədə qalib gələn gənclərimizin ölkəmizə səfərini təşkil edirik. Onlar virtual olaraq öyrəndikləri və bildiklərini gəlib canlı şəkildə görürlər.

Bundan əlavə, ötən il ərzində də bir çox maraqlı layihələrimiz həyata keçirilib. Buna misal Ulu Öndərin 90 illik yubileyi ilə əlaqədar olaraq "Gənc Liderlərin Formalaşmasında Şəxsiyyətin rolu" adı altında tədbiri çəkmək olar. Ötən il ilk dəfə olaraq Avropa miqyasında "Beynəlxalq Gənc Alimlərin Forumu" keçirildi və onun ardınca digər intellektual yarışlarla yanaşı Azərbaycanın ilk milli oyunu olan "Xəmsə"nin 16 ölkənin iştirakı ilə dünya Çempionatı keçirilib.

Bütün bu işləri nəzərə alaraq söyləmək olar ki, Azərbaycanda hər zaman gənclərlə iş, gənc nəslin tərbiyəsi ölkə siyasəti çərçivəsində ən vacib, ən prioritet istiqamətlərdən biri olub. Bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasətinin təməlində Ulu Öndərimizin arzu, istək və ideyaları formalaşıb ki, bura müstəqil Azərbaycan dövlətinin, yeni cəmiyyətinin, yeni nəslin formalaşması daxildir. Ulu Öndərin ideyalarına əsasən müasir gənclik həm vətənpərvər, həm geniş dünya görüşünə malik olamalı, həm məsuliyyətli, həm də ölkəmizi müxtəlif sahələrdə uğurla təmsil etməyi bacarmalıdır. 20 ilə baxdıqda Azərbaycan gəncləri nəinki ölkədə, beynəlxalq səviyyədə uğurlu layihələrə imza atırlar. Bununla deyə bilərik ki, Ulu öndərin arzuları gerçəkləşir.

- 2 fevral ölkəmizdə "Gənclər günü"dür. Bu günlə bağlı nazirlik hansı tədbirləri görməyi planlaşdırır?

- Hər il "Gənclər Günü" münasibətilə ölkəmizin bütün rayon və şəhərlərində müxtəlif tədbirlər həyata keçirilir. Bu gün həm bayram, həm də ötən il görülən işlərə qiymət verilən bir gündür. Bu gün müxtəlif dəyirmi masalar, tədbirlər, konfranslar, bayram konsertləri təşkil olunur. Biz ötən il görülən işlərlə bağlı gənclərin fikirlərini dinləyir və növbəti ildə daha çox hansı istiqamətlərə önəm verilməsini müəyyən edirik. Bu il də ənənəyə sadiq qalaraq artıq müxtəlif şəhər və rayonlarda tədbirlər keçirilir. Bu günlə bağlı keçirəcəyimiz ən böyük tədbir zamanı nazirliyimiz tərəfindən hər il olduğu kimi, bu il də gənclərə mükafatlar təqdim olunacaq. Lakin bu il digər illərdən daha fərqlənəcək. Ona görə ki, keçən il ölkə başçısının müvafiq fərmanı ilə ilk dəfə olaraq gənclər üçün prezident mükafatı təsis olunub. Bu il həmin mükafatın ilk altı laureatı öz mükafatlarını əldə edəcəklər. 2 nəfər elm, təhsil, 2 nəfər mədəniyyət və incəsənət, 2 nəfər idman sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə bu mükafata sahib olacaq.

Bilirsiniz ki, biz çoxlu sayda istedadlı, yaradıcı gənclərlə işləyirik. Bu işin nəticəsində gənclər 2 fevral günü ilə bağlı müxtəlif günlərdə sərgilər keçirəcək, həmin günlə əlaqədar müxtəlif dəyirmi masalar təşkil olunacaq. Nazirlik gənclər və tələbə təşkilatları arasında bəzi təşkilatla ötən ilki uğurlara görə mükafatlar təqdim edəcək. Ümumi götürdükdə düşünürəm ki, bu il də digər illərdə olduğu kimi maraqlı və yadda qalan bir il olacaq.

- Gənclərin inkişafı ilə əlaqədar "Gənclərin Milli İnkişaf Strategiyası" ilə bağlı fəaliyyət planı hazırlanırdı. Hazırda bununla bağlı işlər nə yerdədir?

- Ölkə başçısının 29 dekabr 2012-ci il tarixli Fərmanına müvafiq olaraq ölkəmizdə "Azərbaycan – 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası qəbul olunub. Bu çox mühüm bir sənəddir və burada bütün sahələrinin gələcək inkişafı ilə bağlı işlər öz əksini tapıb. Strategiyada o cümlədən gənclər və idman sahəsi də öz əksini tapıb. Onlar içərisində Gənclərin İnkişaf Strategiyasının işlənib hazırlanması nəzərdə tutulub. Strategiya ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən ekspertlərin iştirakı ilə eyni zamanda beynəlxalq təcrübə nəzərə alınmaqla layihə hazırlanıb və digər qurumlara təqdim olunub. Düşünürəm ki, strategiya yaxın zamanlarda təsdiq olunacaq. Strategiyada bizim növbəti 10 il üçün əsas hədəflərimiz nəzərə alınıb. Burada gənclərin vətənpərvərlik hissinin gücləndirilməsi, onların sağlamlıq imkanlarının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, gənc liderlərin formalaşdırılması, yerlərdə gənclərlə bağlı işin gücləndirilməsi və müvafiq infrostrukturun daha da təkmilləşdirilməsi kimi məqamlar öz əksini tapıb. Həmin strategiyaya görə yerlərdə gənclər şuralarının yaradılması da nəzərdə tutulur. Burada əsas məqsəd gənclərin bilavasitə yerli səviyyədə idarəetmə sisteminə daha yaxın cəlb edilməsidir.

- Gənclərin asudə vaxtının təşkili ilə bağlı paytaxtda və regionlarda Gənclər evi yaradılır. Bununla bağlı işlər hansı mərhələdədir?

- Bilirsiniz ki, gənclərlə bağlı işin həyata keçirilməsi üçün ilk növbədə müvafiq maddi-texniki baza formalaşdırılmalı, infrostruktur olmalıdır. "Azərbaycan Gəncliyi" Dövlət Proqramı çərçivəsində bölgələrimizdə müasir standartlara cavab verən beynəlxalq təcrübəyə əsaslanaraq formalaşdırılan Gənclər Evi adı altında müəssisələr fəaliyyət göstərir. Əsas hədəf yerlərdə gəncləri bir araya gətirəcək bir məkanın olması, onların burada toplaşaraq öz asudə vaxtlarını təşkil etmələri və onları maraqlandıran məsələlər əsasında fikir mübadilələri aparmaq üçün şəraitin yaradılmasıdır. Gənclər mərkəz tərəfindən təqdim edilən müxtəlif xidmətlərdən istifadə və zəruri olan məlumatı əldə edə biləcəklər. Bütün gənclər evlərinin tərkibində məlumat guşələri, internet resursu və internetə qoşulan kitabxana fəaliyyət göstərir. Mərkəzlərdə kifayət qədər müxtəlif dərnək və klubların fəaliyyət göstərilməsi üçün hər cür şərait yaradılıb. Yaxın 2 il ərzində digər 10 rayon və şəhərimizdə bu cür mərkəzlərin açılması nəzərdə tutulur. Onlardan 5-nin Bakı, digərlərinin isə bölgələrdə inşa edilməsi planlaşdırılır. Bu sadəcə planlaşdırılan saydır, lakin icra olunarkən onun sayının çox olması ehtimalı da var. Bilirsiniz ki, ölkədə 40-dan artıq rayon və şəhərimizdə Olimpiya Kompleksləri fəaliyyət göstərir. Bu komplekslərdə yalnız idman hazırlığı deyil, eyni zamanda gənclərin intellektual inkişafı və asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi şərait yaradılıb. Bizim hədəfimiz bir neçə il ərzində ölkənin bütün rayon və şəhərlərində ya olimpiya kompleksi və gənclər evini inşa etməkdir.

- Nazirliyin 2014-cü il üçün fəaliyyət planında nələr nəzərdə tutulub?

- Ötən il bizim üçün uğurlu il oldu və biz bu il də əldə etdiyimiz uğurları qoruyub saxlamalı və inkişaf etdirməliyik. Fəaliyyətimizi də məhz bu istiqamətdə qurmuşuq. 2014-cü ildə bizim bir neçə maraqlı layihələrimiz var. Ötən il biz Avropa məkanında Gənc Alimlərin Forumunu keçirdik ki, bu il bu forumu dünya miqyasında keçirmək niyyətindəyik. Bununla bağlı böyük tədbir təşkil olunacaq. Bu il BMT-nin xətti ilə ilk dəfə dünyada gənclər siyasəti üzrə "Mütəxəssislərin I Qlobal Forumu" keçiriləcək. Bununla bağlı BMT forumun ölkəmizdə keçirilməsi qərarını verib. Düşünürəm ki, bunun özü beynəlxalq təşkilatların ölkəmizə verdiyi böyük qiymətin göstəricisidir. Biz düşünürük ki, bu tədbir çox böyük və möhtəşəm olacaq. Ötən il biz ilk dəfə "Univision" adlı beynəlxalq tələbə mahnı müsabiqəsi keçirdik və ilk dəfə olmasına baxmayaraq, həmin müsabiqəyə 20-dən artıq ölkə qatılmışdı. Bu il ikinci müsabiqənin keçirilməsini nəzərdə tutmuşuq. İnanırıq ki, bu il müsabiqədə iştirak edəcək ölkələrin sayı daha çox olacaq. Ümid edirik ki, gələcəkdə bu yarışma beynəlxalq statuslu bir nişan olaraq qeydə alınacaq. Bu il həmçinin yay tətili zamanı düşərgələrin təşkili və digər layihələrin həyata keçirilməsini planlaşdırırıq. Bilirsiniz ki, Gəncə şəhəri 2016-cı ilə Avropanın Gənclər şəhəri seçilib. Bu ildən başlayaraq Gəncədə müxtəlif beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu il ərzində həyata keçiriləcək digər maraqlı layihələrimiz də var ki, onlarla bağlı vaxtaşırı olaraq KİV vasitəsilə cəmiyyətimizi məlumatlandıracağıq. Əsas istəyimiz, hədəfimiz ondan ibarətdir ki, gənclər bütün keçirilən layihələrdə yaxından iştirak edərək öz ideya və fikirlərini bölüşsünlər.

Bütün xəbərlər Facebook səhifəmizdə