Mətbuat Şurası hesabat verib YENİLƏNİB

Mətbuat Şurası hesabat verib YENİLƏNİB

Bu gün Azərbaycan Mətbuat Şurası 2013-cü il üçün növbəti hesabatını keçirib. SİA-nın məlumatına görə, tədbirdə MŞ-nın sədri Əflatun Amaşov, media kapitanları və KİV nümayəndələri iştirak edib.

MŞ sədri hesabat yığıncağını giriş sözü ilə açaraq deyib ki, 2013-cü ildə Azərbaycan Mətbuat Şurasına ümumilikdə 610 müraciət daxil olub: "610 müraciətdən 423-ü kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. 187 müraciət müxtəlif təklif və tədbirlər, o cümlədən cari məsələlərlə bağlı olub. Şura Katibliyi 423 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 241 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 182 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib. 2013-cü ildə Şuraya daxil olan şikayətlərin 182-i komissiyalarda araşdırılıb. Bunlardan 105-i Şikayətlər üzrə Komissiyada, 48-i "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında, 8-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 11-i İnternet media resursları üzrə Komissiyada, 10-u Sosial-iqtisadi komissiyada araşdırılıb. Şikayətlər üzrə Komissiyada baxılan 105 məsələdən 88-i komissiya səviyyəsində həllini tapıb. Digər 17 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 5-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib (41 şikayət isə komissiyada həllini tapıb".

Ə. Amaşov bildirib ki, Şuranın İdarə Heyəti 2013-cü ildə ümumilikdə 17 qərar çıxarıb: "Bu zaman Şikayətlər üzrə Komissiyanın 17 rəyindən 14-ü (3 rəy təkrar baxılmaq üçün Katibliyə qayratılıb), "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının isə 5 təqdimatından 3-ü əsas götürülüb. Bundan başqa İdarə Heyətinin qərarlarının çıxarılmasında Şuranın 2013-cü ilin fevral ayından fəaliyyət göstərən internet media resursları üzrə komissiyasının tövsiyələri nəzərə alınıb.İdarə Heyətinin ayrı-ayrı KİV-lərlə bağlı çıxardığı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 10 qərarda KİV-lərin peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 2 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının "qara siyahı"sına salınmasını nəzərdə tutub. İl ərzində Şuranın İdarə Heyətinin 13, Şikayətlər üzrə Komissiyanın 12, "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının 6, Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının 3 iclası keçirilib. Bundan başqa müxtəlif məsələlərlə bağlı Şuranın Sosial-iqtisadi Komissiyasının 7, Hüquq, İqtisadiyyat, Dil, Təhsil, Bölgə mətbuatının inkişafı komissiyalarının hər birinin 4 iclası keçirilib. İnternet media resursları üzrə Komissiyası, Şuranın "apellyasiya qrupu" 2, Ahıl Jurnalistlər Məclisi 8 dəfə toplanıb".

Daha sonra Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli çıxış edərək deyib ki, "Reket jurnalistika"ya qarşı mübarizə daha da gücləndirilməlidir: "MŞ-nın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası böyük işlər görür: "Hətta elə qəzetlər var ki, adları bir neçə dəfə "qara siyahı"ya düşüb, işləri məhkəməyə qədər gedib çıxıb, amma onlar yenə də bu əməllərindən əl çəkmirlər. Biz onlara qarşı mübarizəni daha da gücləndirməliyik. Əvvəlki illərlə müqayisədə Mətbuat Şurasına daxil olan şikayətlərin sayı azalıb".

Sonra MŞ İdarə Heyətinin üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qəzetlərin yayımı məsələsinə toxunaraq deyib ki, bu, uzun müddət idi ki, müzakirə olunurdu: "Cənab Prezident İlham Əliyevlə jurnalistlərin görüşündən sonra bu məsələ ilə bağlı MŞ-da komissiya yaradıldı. Hesab edirəm ki, komissiyanın 7 nəfərdən ibarət üzvü çox məhsuldar fəaliyyət göstərirlər. Biz Bakının bütün rayonlarında, qəsəbələrində lazımi monitorinqlər apararaq, qəzet yayımı ilə bağlı məsələni araşdırdıq. Bəlli oldu ki, müqavilələrin bağlanması ilə bağlı bu gün də müəyyən narahatçılıqlar mövcuddur".

Digər çıxış edənlər də hesabatdan irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə