Asif Əsgərov: "2014-cü ildə Bayıl qəsəbəsinin görkəmində mühüm dəyişikliklər olacaq"
"Ölkə başçısının tapşırıqlarına əsasən şəhərin Bayıl-20-ci yaşayış sahəsini əhatə edən 2 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir, Bakı Bulvarının Dövlət Bayrağı Meydanından Bibiheybət qəsəbəsi istiqamətində genişləndirilməsi aparılır, dəniz kənarı ərazidə gözəl istirahət zonası yaradılır". SİA-nın məlumatına görə bu barədə Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni qəbul olunan Dövlət Proqramında Səbail rayonu ilə bağlı nəzərdə tutulan tədbirlər barədə məlumat verərkən deyib.
Onun sözlərinə görə, 2014-cü ildə Bayıl yaşayış sahəsində bir çox işlərin görülməsi nəzərdə tutulur:"Yeni Dövlət Proqramına əsasən bu ərazidə yerləşən 51 saylı orta məktəbin bir binası əsaslı təmir olunacaq. Həmçinin Bayıl yaşayış sahəsində fəaliyyət göstərən 11 saylı Uşaq vərəm xəstəxanasında əsaslı təmir işləri aparılacaq. Proqramda Bayıl qəsəbəsi 20-ci sahədə yerləşən 91, 57
saylı uşaq bağçalarının əsaslı təmiri də nəzərdə tutulub".
A.Əsgərov həmçinin bildirib ki, bu sahədə böyük layihələr davamlı olaraq həyata keçiriləcək:" Bu sahədə elə yerlər var ki, onlar layihələrin həyata keçirilməsinə mane yaradır və ya görkəmə xələl gətirir onların köçürülməsi bu ildə davam edəcək. Yaxın illərdə Bayıl qəsəbəsində çox böyük dəyişikliklərin şahidi olacaqsınız. Çox az vaxta bu ərazi "Cənnət Məkana" çevriləcək".
İcra başçısı onu da qeyd edib ki, 2014- cü ildə görülən işlərə, elektrik enerjisi, istilik, su, kanalizasiya sistemləri ilə bağlı məsələlərin həlli də daxildir ki, bu il onların həlli nəzərdə tutulub.
Qeyd edək ki, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq 2012-ci ilin sonunda yaradılan Səbail rayonunda İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi paytaxtın mərkəzi rayonunun Bayıl-20-ci yaşayış sahəsi ərazilərini əhatə edir və burada 51 min nəfər sakin yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB