Sədaqət Vəliyeva: “Bu gün Azərbaycan planetin siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir”
"Sayca 44-cü Davos İqtisadi Forumunun keçirilməsi və Azərbaycanın bu toplantıda ən yüksək səviyyədə təmsil olunması dünya ölkələrinin, xüsusilə də, sözügedən forumun iştirakçılarının ölkəmizə olan marağını ortaya qoyur". Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda mövcud siyasi və iqtisadi şərait bu gün artıq dünyada beynəlxalq münasibətlər sisteminin müstəqil subyektləri kimi çıxış edən və planetin geoiqtisadi çağırışlarını formalaşdıran şirkətlərin diqqətini cəlb edir: "Bütövlükdə, qeyri-neft sektorunun inkişafı, sahibkarlara dövlət dəstəyinin verilməsi, əlverişli biznes mühiti və investisiya yatırmaq şəraitinin yaradılması Azərbaycanı planetin siyasi və iqtisadi elitasının diqqət mərkəzinə gətirir. Elə Davos Forumu çərçivəsində Prezident İlham Əliyevin dünyanın tanınmış şirkət rəhbərlərilə görüşlər keçirməsi söylənilənləri isbatlayır".
Sədaqət Vəliyeva bildirib ki, dövlət başçısının Forumda İsrail, İran, İsveçrə Konfederasiyası, Niderland və digər ölkələrin rəhbərlərilə görüşlər keçirməsi Azərbaycanın geosiyasi çəkisindən xəbər verir: "Əlbəttə ki, təkzibedilməzdir ki, bu gün Cənubi Qafqazda söz sahibi olan Azərbaycan geosiyasi və təhlükəsizlik məsələlərində də öndə durur. Regional məsələlər birinci Azərbaycanla müzakirə edilir, Bakının rəyi nəzərə alınır. Bu da onu göstərir ki, Azərbaycan artıq iqtisadi və siyasi baxımdan dünyada öz yerini və çəkisini müəyyələşdirməyi bacarıb".
İNTİZARƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB