Qənirə Paşayeva: “İşğalçı ölkənin təxribatları ilk dəfə deyil” AÇIQLAMA
"Ermənistan dövlətinin bu kimi təxribatları nə ilk, nə də ki, sonuncudur. İşğalçı ölkə hər gün bu addımlara əl atır". Bunu SİA-ya millət vəkili Qənirə Paşayeva erməni təxribatlarına və onlar tərəfindən yayılan dezinformasiyalara münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, ermənilər mütəmadi olaraq sadə vətəndaşları, əkin-biçinlə məşğul olan insanları snayperlərlə hədəf alıb vuraraq, müxtəlif təxribatçı hərəkətlərə yol verirlər: "Onların 8 yaşında körpə uşağı - Fariz Bədəlovu güllə ilə vurması, Tovuz rayonunda orta yaşlı qadın müəlliməni atəşə tutması və öz əkin sahəsində işləyən gənc oğlanı hədəfə almaları işğalçı ölkənin iç üzünü bir daha ortaya qoyur. Ermənistan tərəfi hər zaman bu kimi təxribatı addımlara əl atır. Bununla da işğalçı ölkənin əsas məqsədi odur ki, həmin təxribatları bilavasitə diasporları, lobbisi ilə ölkəmizin üzərinə ataraq özlərinə bəraət qazandırsınlar. Təbii ki, bu, onların illərdir apardığı çirkli, məkrli siyasətin nəticəsidir. Bununla belə hər kəsə də məlumdur ki, Ermənistan prezidentinin ölkəsində apardığı siyasət öz xalqının da acınacaqlı vəziyyətə düşməsinə səbəb olub. Artıq işğalçı ölkə ağır, böhranlı vəziyyətə düçar olub. Beləcə, buradan insanlar ölkəni tək edərək başqa yerlərə köç edirlər. Məhz Ermənistan rəhbərliyi öz uğursuz siyasətini ört-basdır etmək üçün və xalqının gözünə girmək üçün bu kimi təxribatlara əl atır".
Q.Paşayeva bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycan ordusu bu kimi təxribatların qarşısını hər zaman alır: "Təbii ki, bu da sonda onları narahat etməyə başlayır. Çox təəssüf ki, onlar bu uğursuz xislətindən əl çəkə bilmirlər. Hesab edirəm ki, gərək ATƏT-in Minsk qrupunun həmsədrləri öz vəzifələrini layiqincə yerinə yetirsinlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün lazımi addımlar atsınlar. Bu münaqişənin həll olunmaması isə gərginlik mənbəyindən xəbər verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB