"Ermənistanın bu addımları gücdən yox, qorxudan doğan təşvişlərdir"
"Prezident İlham Əliyevin Davos iqtisadi Forumunda iştirak etməsi ilk növbədə Azərbaycanın dünyadakı mövqeyini ortaya qoymuş oldu. Azərbaycan artıq nəinki Qafqazda, eləcə də MDB məkanında iqtisadi cəhətdən sürətlə inkişaf edən dövlətdir. Bunu qabartmaq üçün Davos Forumunda iştirak etmək vacib idi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Davos İqtisadi Forumunun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişaf modeli dünyanın bir sıra ölkələri tərəfindən maraq obyektinə çevrilib: "Bir faktı qeyd etmək lazımdır ki, ölkə başçımız "Paralel islahatlar modeli"ni də ilk dəfə məhz 2007-ci ildə Davos Forumundu səsləndirmişdi. Azərbaycanın həmin forumda iştirak etməsi ümumilikdə Avropanın önəm verdiyi məsələdir. Bildiyimiz kimi, Prezident İlham Əliyev MDB məkanında beynəlxalq münasibətlər üzrə peşəkar mütəxəssisdir. Bütün beynəlxalq münasibətlərin bazasını isə iqtisadi münasibətlər təşkil edir. Azərbaycan da iqtisadi cəhətdən inkişaf etdiyinə görə bazamız kifayət qədər möhkəmdir. Siyasi üst qurumu formalaşdırmaq üçün Azərbaycan gərək öz fəallığını daha da artırsın. Bir sözlə, iqtisadi cəhətdən güclü olan dövlətin ağıllı və uzaqgörən siyasəti olur. Burada Avropanın enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın xarici siyasətində önəmli yer tutması vacibdir".
Politoloq həmçinin Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı orada səsləndirdiyi "İndiki Ermənistan Azərbaycanın tarixi torpağıdır" fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, ölkə başçımız heç vaxt təsadüfi söz demir: "Bütün tarixi sənədlərə nəzər saldıqda Dağlıq Qarabağın Ermənistanın ərazisi olmadığını açıq-aşkar görmüş olarıq. Eyni zamanda, Prezident İlham Əliyev həmin ifadələri məhz Gəncədə olarkən səsləndirməsi də təsadüfi deyil. Çünki Gəncə Ermənistana Bakıdan daha yaxındır. Orada da ermənilərin xəbərçiləri var. Azərbaycan artıq hərbi deyil, eləcə də tarixi və siyasi müstəvidə hücuma keçib. Bu da onu göstərir ki, dövlət başçısı Azərbaycan tarixini çox gözəl bilməklə yanaşı, lazım olan anda da həmin tarixi faktlardan kifayət qədər yararlana bilir. Odur ki, onun danışığında heç bir əsassız fikir yoxdur".
Erməni tərəfinin son günlər atəşkəs rejimini intensiv şəkildə pozmaları məsələsinə də aydınlıq gətirən politoloqun sözlərinə görə, baş verənlər Prezident İlham Əliyevin 2013-cü ilin yekunları ilə bağlı Nazirlər Kabinetindəki kəskin çıxışından sonra cərəyan etməyə başladı və bu da təbii idi: "Həmin çıxış Ermənistan tərəfində çox ciddi narahatçılığa səbəb oldu. Ona görə də Ermənistanın müdafiə nazirinin ani şəkildə Dağlıq Qarabağa gəlməsi və erməni mətbuatında təxribat xarakterli yazıların çoxalması heç də təsadüfi deyildi. Buna görə də atəşkəs rejiminin intensiv şəkildə pozulması qeyri-adi hal deyil. Onlar bu addımları ilə Azərbaycana hər hansı bir mesaj yolladıqlarını zənn edirlər. Ermənistan bütün hallarda siyasi cəhətdən əlləri bağlanıb. Çıxış yolu tapa bilmədiyinə görə də atəşkəs rejimini pozur. Bu onlar üçün sadəcə uğursuz gedişdir. Çünki Azərbaycan ordusu bu gün kifayət qədər formalaşıb".
"Bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov öz peşəkarlığını qısa müddət ərzində göstərməyi bacarıb. Azərbaycan öz ərazi bütövlüyünü nəinki qorumağa, hətta bərpa etməyə də hazırdır. Gözəl atalar misalı var: "Qorxaq it hürəyən olur". Ona görə də Ermənistanın bu addımları gücdən yox, qorxudan doğan təşvişlərdir" – deyə, Cümşüd Nuriyev məsələ ilə bağlı fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB