Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, sədrin I müavini, komitə sədri Ziyafət Əsgərov yaz sessiyasının başlaması münasibəti ilə iclas iştirakçılarını təbrik edib və gündəlikdə duran məsələləri onların diqqətinə çatdırıb.
Ziyafət Əsgərov ilk olaraq komitənin 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı barədə məlumat verərək bildirib ki, sessiya ərzində komitədə "Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" qanun layihələrinə baxılacaq.
Sonra "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi deputatların nəzərinə çatdırılıb. Sazişdə terrorçuluq, mütəşəkkil cinayətkarlıq, qanunsuz miqrasiya, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı və digər cinayətlərə qarşı əməkdaşlıq etmək barədə öhdəliklər müəyyən olunub. Sazişdə əməkdaşlığın sahələri, prosedur qaydaları, icra mexanizmləri və digər müddəalar öz əksini tapıb.
Sənədin terrorçuluğa qarşı mübarizədə ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi və regionda təhlükəsizliyin təmin olunmasında əhəmiyyəti vurğulanıb.
"Avropa Şurasının "Terrorçuluğun qarşısının alınması haqqında" Konvensiyanın təsdiq edilməsi barədə" sənədlə bağlı açıqlamasında Ziyafət Əsgərov bildirib ki, Konvensiya 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanıb, Avropa Şurasının əksər dövlətləri tərəfindən ratifikasiya olunub. Konvensiyanın məqsədi terrorçuluğun qarşısının alınması və insan hüquqlarının təmin edilməsidir. Sənədə əsasən Avropa Şurasına üzv olan dövlətlər arasında terrorçuluq cinayətlərinin törədilməsinə yönələn açıq çağırışlara, terrorçuların hazırlanmasına qarşı mübarizə aparılması, cinayətkarların cəzalandırılması və digər zəruri tədbirlərin görülməsi barədə razılıq əldə olunur.
Komitə üzvləri Zahid Oruc, Əliağa Hüseynov, Aqil Abbasov, Fərəc Quliyev, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov müzakirəyə çıxarılan məsələlərlə bağlı fikirlərini açıqlayaraq təkliflərlə çıxış ediblər: "Bu sənədlərin qəbulu milli maraqlarımızın təmin olunmasında, regional və beynəlxalq müstəvidə ölkəmizin mövqeyinin möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edir".
Geniş fikir mübadiləsindən sonra hər iki sənədin Milli Məclisin plenar iclasına təqdim edilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB