Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyi tərəfindən qanlı yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar "Müstəqilliyə gedən yol" adlı anım tədbiri keçirilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mərasimdə Vyetnam XİN-in və ictimaiyyətinin nümayəndələri, Vyetnam Parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun üzvləri, Azərbaycan Universitetlərinin vyetnamlı məzunları və Vyetnamın aparıcı KİV-in nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində iştirakçılar 20 yanvar faciəsini əks etdirən fotosərgi ilə tanış olublar.
Çıxış edən səfir Anar İmanov 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən Bakıda törədilən qanlı hadisələrdən bəhs edərək, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıb.
O, 1990-cı il 20 yanvar tarixində sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açaraq, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışıb.
Səfir 20 yanvar hadisələrinin Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi açdığını və milli kimliyin dərk olunmasında böyük önəm kəsb etdiyini diqqətə çatdırıb..
Anar İmanov Sovet İttifaqının xalqı qorxutmağa yönəlik cinayətkar hərkətlərinin Azərbaycan xalqını yolundan döndərə bilmədiyini, əksinə xalqımızın azadlığa olan istəyini daha da artırdığını və vətən övladlarının göstərdiyi qəhrəmanlıqlar sayəsində bir müddət sonra ölkəmizin öz müstəqilliyinə qovuşduğunu bildirib.
Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1990-cı ilin 21 yanvar tarixində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, Sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini xüsusi vurğulayıb, həmin hadisələrə məhz Ulu Öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini bildirib.
Sonra mərasim iştirakçıları, 20 yanvar şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad ediblər və qanlı yanvar hadisələrindən bəhs edən sənədli filmə baxıblar.
Tədbir Vyetnam KİV-də işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB